Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Psixoloq Zeynəb Əyyubova: “Ümid yorğunluğu yaşayan insanlar üçün vizuallaşdırma xüsusilə faydalıdır və bu, yolun başlanğıcıdır”
Psixoloq Zeynəb Əyyubova: “Ümid yorğunluğu yaşayan insanlar üçün vizuallaşdırma xüsusilə faydalıdır və bu, yolun başlanğıcıdır”

Marmara Universitetinin məzunu, yazıçı və pedaqoq Sinan Ergin bildirir ki, arzularına çata bilməyən insanlar zamanla ruhdan düşür və xəyal qurmağı dayandırırlar. Buna görə də ümid yorğunluğu yaşayanlar üçün xəyal etməyi yenidən bərpa etmək vacibdir: “Xəyal etmək sadəcə arzulamaq deyil, onu beynimizdə vizuallaşdırmaqdır. Çünki ağıl adətən eyni rutini qorumaq istəyir və yenilikdən çəkinir. Halbuki xəyallar fərqlidir və dəyişiklik tələb edir”.

Sinan Ergin əlavə edib ki, əgər insan nəyisə təsəvvür edə bilirsə, ona başlama ehtimalı artır. Təsəvvür edə bilmədikdə isə ya ümumiyyətlə başlamır, ya da tez imtina edir. “Vizuallaşdırma zamanı beyin bu görüntünü real kimi qəbul edir. Bu, film izləyərkən yaşadığımız hisslərə bənzəyir. Nəticədə beyin “bunu edə bilməzsən” kimi maneələr yaratmır. Çünki beynimiz onu real kimi yaşayır”-deyən Sinan Ergin vizuallaşdırmanın insanın beyni hərəkətə keçməyə təşviq etdiyini qeyd edir. Həqiqətən bu insanın davranışlarına və motivasiyasına təsir edirmi?

Psixoloq Zeynəb Əyyubova Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, məqsədlərini vizuallaşdıran insanlar daha planlı olur: “Vizuallaşdırma psixologiyada motivasiya və davranış dəyişikliyinə təsir edən mühüm üsullardan biri hesab olunur. İnsan bir məqsədi və ya arzusunu beynində canlandırdıqda, beyin bunu sanki real təcrübə kimi emal etməyə başlayır. Bu isə insanın həmin məqsədə doğru addım atmasını asanlaşdırır, çünki beyin artıq bu vəziyyəti “tanış” və “mümkün” kimi qəbul edir.

Əslində bu, gündəlik həyatda tez-tez yaşadığımız bir prosesdir. Məsələn, film izləyərkən və ya kitab oxuyarkən emosional reaksiyalar verməyimiz beynin təsəvvür edilən hadisələri real kimi qəbul etməsinin göstəricisidir. Eyni mexanizm vizuallaşdırma zamanı da işləyir. İnsan özünü məqsədinə çatmış halda təsəvvür etdikdə, beyin bu istiqamətdə motivasiya yaradır və davranışlarımız tədricən bu hədəfə uyğun formalaşmağa başlayır.

Araşdırmalar göstərir ki, məqsədlərini vizuallaşdıran insanlar daha planlı olur, çətinliklər qarşısında daha davamlı davranır və motivasiyalarını daha uzun müddət qoruyurlar. Vizuallaşdırma eyni zamanda özünə inamı artırır, qorxu və tərəddüdləri azaldır. Çünki insan beynində artıq bu uğuru "yaşamış" olur.

Bununla yanaşı, qeyd etmək vacibdir ki, təkcə xəyal etmək kifayət deyil. Vizuallaşdırma real planlar və kiçik addımlarla dəstəkləndikdə daha effektiv olur. Xəyal qurmaq istiqamət verir, plan qurmaq isə həmin istiqamətdə hərəkəti təmin edir.

Ümid yorğunluğu yaşayan insanlar üçün isə vizuallaşdırma xüsusilə faydalıdır. Çünki uzun müddət uğursuzluq yaşayan insanlar zamanla xəyal qurmaqdan çəkinə bilir və motivasiyalarını itirirlər. Bu halda yenidən xəyal qurmaq, məqsədləri göz önündə canlandırmaq və kiçik addımlarla irəliləmək motivasiyanın bərpasına kömək edir. Unutmayaq ki, insanın təsəvvür edə bildiyi hər şey, doğru plan və səylə gerçəyə çevrilə bilər. Vizuallaşdırma isə bu yolun başlanğıc nöqtəsidir”.

Günel Həsənova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »