“Qubada 31 Mart soyqırımı zamanı yəhudi icması da əziyyət çəkib, amma bəzi mənbələrdə səsləndirilən 2000–3000 nəfərlik rəqəmlər tamamilə şişirdilmişdir. Minlərlə insanın qətl edildiyi iddiaları faktlara söykənməyən, uydurma rəqəmlərdir. Bu, həm tariximizin doğru yadda saxlanması, həm də həmin icmanın xatirəsinə hörmət baxımından vacibdir. Qırmızı qəsəbə yəhudiləri öz adət-ənənələrinə görə ölü və diri arasında xüsusi hörmət göstərir, tarixi hadisələri diqqətlə xatırlayır. Tarixi həqiqətləri təhrif etmədən, rəqəmlərə düzgün yanaşmaq hər kəsin borcudur”.
Azərbaycan Yəhudi Media Mərkəzinin direktoru, Sumqayıt Yəhudiləri Dini İcmasının təsisçisi Nəsimi Əbilov açıqlamasında bildirib ki, bu rəqəmlər tamamilə uydurmadır: “10–15 il əvvəl bir neçə dövlət qurumu Arie Qut adlı şəxsi ortalığa atdı. Bu şəxs bir çox efir çıxışlarında Qubada 2000 yəhudi öldürüldüyünü deyirdi. Beləcə, ölkə mediası araşdırmadan, yoxlamadan bu rəqəmləri yaymağa başladı və davam etdi. Digər politoloqlar da bu statistikanı götürdü. Hazırda hələ də bəziləri çıxıb deyir ki, Azərbaycanda 30000 yəhudi yaşayır. Halbuki 2019-cu ilin dövlət statistikasına görə, sayı 5100 nəfərdir. “Azərbaycanda insanlar statistikaya yox, ağızdan-ağıza yayılan sözlərə inanmağı üstün tutur. Qəsəbədə ümumi təxminən 800 ev var, bunun bir neçəsi azərbaycanlılara məxsusdur. Bəzi evlər isə 1941–45-ci illərdən sonra tikilib. Bu halda necə olur ki, ermənilər bütün qəsəbənin yəhudilərini qırıb? Əlbətdə ki, yox”.
Nəsimi ƏbilovNəsimi Əbilov qeyd edib ki, Quba Soyqırım Memorialında həmin dövrdə qətliam törədilmiş kənd və qəsəbələrin siyahısı mövcuddur və o dövrün sənədlərinə əsasən, bu siyahıda Qırmızı qəsəbənin adı yoxdur.
“Mənim anamın atası 1895-ci ildə doğulub, qardaşları isə 1876-cı ildən sonra. İndi bir-bir qapıları döyək, sual verək: "kimin babasını Qubada ermənilər öldürüb?" Mən inanmıram ki, qəsəbədə 10–20 belə yəhudi taparıq.
Mən özüm memoriala gedəndə oranın işçilərinə sual vermişəm. Hamısı bildirib ki, biz yəhudilərin bu Soyqırımda neçə nəfər olduğunu və ya ümumiyyətlə olub-olmadığını deyə bilmərik; bu haqda faktlarımız yoxdur. Amma siyahını divardan asıblar, mən də baxmışam – qəsəbənin siyahıda adı yoxdur”, – deyə Nəsimi Əbilov bildirib.
İradə Cəlil, Bizimyol.info






