Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Dövlət Katibi Marko Rubionun onu “yalan danışmaqda” ittiham etməsinə cavab verib. Zelenski vurğulayıb ki, heç vaxt ABŞ-dan üzərində təzyiq olduğunu deməyib.
Bizimyol.info xəbər verir ki, Prezident ölkə mətbuatının sualını cavablandırarkən bildirib ki, diplomatik danışıqların yalnız bir hissəsi ictimaiyyətə açıqlanıb.
“Böyük buzdağının çox hissəsi görünmür, mən isə yalnız kiçik hissəsini göstərmişəm. Mən açıq və dürüst danışmışam”, – deyə Zelenski vurğulayıb.
Zelenski bildirib ki, ABŞ-dan təhlükəsizlik zəmanətləri yalnız Ukrayna Silahlı Qüvvələri Donbasdan çıxdıqdan sonra veriləcək. Prezident əlavə edib ki, Ukrayna müharibə bitməzdən əvvəl bu zəmanətləri almaq istəyir, lakin ABŞ tərəfi bunun yalnız müharibə bitəndə mümkün olduğunu bildirib.
Prezident həmçinin vurğulayıb ki, Ukraynanın təhlükəsizlik zəmanətləri – bu, ölkənin silah istehsalı, ordusu, Avropa tərəfdaşları və ABŞ proqramlarıdır.
“Mən heç kimə yalan danışmamışam. ABŞ üzərimizdə təzyiq göstərmir və bunu heç vaxt deməmişəm. Hər kəs görür ki, aqressor kimdir və kimə təzyiq göstərilir”, - deyə Zelenski Rubionun ittihamlarına cavab olaraq deyib.
Ukrayna mətbuatı xəbər verir ki, 27 mart tarixində Rubio Ukrayna Prezidenti Zelenskinin ABŞ-ın təhlükəsizlik zəmanətləri qarşılığında Ukrayna ordusunun Donbasdan çıxmasını tələb etdiyi barədə bəyanatını təkzib edərək bunu “yalan” adlandırmışdı.
Qadir, Bizimyol.info






