ABŞ-ın Bağdad səfirliyi İraqdakı vətəndaşlarına dərhal ölkəni tərk etmələri çağırışı edib.
Bizimyol.info xəbər verir ki, səfirliyin yazılı açıqlamasında bildirilib ki, İranla bağlı silahlı qruplar İraq üzrə, o cümlədən İraq Kürd Regional Hökuməti (IKBY) ərazilərində ABŞ vətəndaşları və ABŞ-la əlaqəli hədəflərə genişmiqyaslı hücumlar təşkil edir.
Açıqlamada qeyd olunur ki, ABŞ-ın İraqdakı diplomatik missiyası fəaliyyətini davam etdirir, lakin təhlükəsizlik səbəbindən vətəndaşların Bağdad səfirliyinə və ya Erbildəki baş konsulluğa getməməsi tövsiyə olunur. İraq hava məkanında raket və pilotsuz uçuş aparatları (PUA) təhdidinin davam etdiyi vurğulanır.
ABŞ Dövlət Departamentinin İraq üçün ən yüksək səviyyəli “Səviyyə 4: Səyahət etməyin” xəbərdarlığının qüvvədə olduğu xatırladılıb: “Heç bir səbəblə İraqa səfər etməyin. Ölkədəsinizsə dərhal oradan çıxın”, - deyə qeyd edilib.
Açıqlamada həmçinin bildirilir ki, İran və ona bağlı silahlı qruplar İraqda ciddi təhlükə yaradır, diplomatik obyektləri, enerji infrastrukturlarını, şirkətləri, əcnəbilərin olduğu otelləri və ticarət hava limanlarını hədəf alır, ABŞ vətəndaşlarını isə oğurlamağa cəhd edə bilərlər.
Bundan əlavə, İraqdakı sərhəd keçidlərində Ürdün, Səudiyyə Ərəbistanı və Türkiyə ilə bağlı məhdud yeniləmələrin edildiyi bildirilib.
Qeyd olunur ki, ABŞ bundan əvvəl də İranla bağlı milislərin artan hücumları səbəbindən İraqdakı vətəndaşlarına ölkəni tərk etməyi tövsiyə etmişdi.
Bizimyol.info






