Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukrayna Baş Qərargahı: Primorsk neft terminalı və Başqırdıstandakı NEZ vurulub
Ukrayna Baş Qərargahı: Primorsk neft terminalı və Başqırdıstandakı NEZ vurulub

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı martın 22-si bazar günü və 23 mart gecəsi Ukrayna Müdafiə Qüvvələrinin Rusiya Federasiyasının yanacaq-enerji infrastrukturunun mühüm obyektlərinə zərbələr endirdiyini təsdiqləyib.

Bizimyol.info xəbər verir ki, verilən məlumata görə, "Transneft – Port Primorsk" neft terminalı vurulub. İlkin məlumatlara əsasən, həm rezervuar parkına, həm də neft doldurma infrastrukturuna ziyan dəyib. Obyekt ərazisində yanğın baş verdiyi təsdiqlənir.

Baş Qərargah qeyd edib ki, Primorsk limanı vasitəsilə hər il təxminən 60 milyon ton neft daşınır. Bu satışlardan əldə olunan vəsait isə Ukraynaya qarşı müharibənin davam etdirilməsinə və Rusiya ordusunun təminatına yönəldilir.

Bundan əlavə, "Başneft-Ufaneftexim" neft emalı zavodu da zərbəyə məruz qalıb. Müəssisə ərazisində yanğın qeydə alınıb. Bu zavod Rusiya Silahlı Qüvvələrinin yanacaq təminatında mühüm rol oynayır və onun illik ilkin neft emalı gücü 6–8 milyon ton təşkil edir. Zavod Ukrayna sərhədindən təxminən 1400 kilometr məsafədə yerləşir.

Baş Qərargah vurğulayıb ki, zərbə endirilən obyektlər işğalçı ordunun ehtiyacları üçün istifadə olunan yanacaq və sürtkü materiallarının emalı, saxlanması və daşınmasını təmin edir.

Ölkə mətbuatı Ukrayna Təhlükəsizlik Xidmətindəki (UTX) mənbələrinə istinadən verdiyi məlumata görə, Primorskdakı hücum UTX-nun “Alfa” xüsusi əməliyyatlar mərkəzinin pilotsuz uçuş aparatları tərəfindən digər müdafiə bölmələri ilə birgə həyata keçirilib. Bu liman Baltik dənizində Rusiyanın ən böyük neft limanı və əsas ixrac mərkəzlərindən biridir. 2025-ci ildə buradan 46,6 milyon tondan çox neft ixrac edilib.

Qeyd edilir ki, hücumdan sonra terminal ərazisində yanğın başlayıb, neft və neft məhsulları saxlanılan rezervuarlar yanıb. Yerli hakimiyyət orqanları hadisəni təsdiqləyib və hazırda işçilərin təxliyəsini həyata keçirir.

Məlumat verən mənbə bildirib ki, Rusiya neftinin hər satılan bareli Ukraynaya qarşı müharibəni maliyyələşdirir və buna görə də Ukrayna Təhlükəsizlik Xidməti bu gəlirlərin azaldılması istiqamətində əməliyyatları davam etdirəcək. Bu cür əməliyyatlar Rusiya təcavüzü dayandırılana qədər davam edəcək.

Xatırladaq ki, daha əvvəl – martın 19-na keçən gecə Ukrayna qüvvələri "Almaz-Antey" konserni tərkibinə daxil olan “Qranit” müəssisəsinin innovasiya mərkəzinə zərbə endirmişdi. Həmin müəssisədə Rusiya hava hücumundan müdafiə sistemləri təmir olunur.

Martın 16-da isə Ukrayna qüvvələri "Aviastar" aviasiya zavodu infrastrukturunu hədəfə almışdı. Bu müəssisə hərbi nəqliyyat təyyarələrinin istehsalı və texniki xidmətini həyata keçirir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »