Səudiyyə Ərəbistanında keçirilən görüşün yekununda 12 ərəb və islam ölkəsinin xarici işlər nazirləri İrana hücumları dərhal dayandırmağa çağırıb.
Bizimyol.info xəbər verir ki, onlar həmçinin qonşu dövlətlərə qarşı təxribatlardan, eləcə də Hörmüz boğazında beynəlxalq gəmiçiliyin qarşısını almağa yönəlmiş istənilən addım və təhdidlərdən çəkinməyə səsləyiblər.
Azərbaycan, Bəhreyn, Misir, İordaniya, Qətər, Küveyt, Livan, Birləşmiş Ərəb Əmirlikləri, Pakistan, Səudiyyə Ərəbistanı, Suriya və Türkiyənin XİN rəhbərlərinin birgə bəyanatında vurğulanır ki, bu ölkələrin İranla gələcək münasibətləri Tehranın qonşu dövlətlərin suverenliyinə hörmət etməsindən asılı olacaq.
Qətər Xarici İşlər Nazirliyinin yaydığı mətndə qeyd olunur ki, iştirakçılar İranın BMT Təhlükəsizlik Şurasının 2817 saylı qətnaməsinə əməl etməsinin vacibliyini vurğulayıblar, bütün hücumları dərhal dayandırmağı və qonşu ölkələrə qarşı hər hansı təxribat xarakterli addım və ya təhdidlərdən imtina etməyi tələb ediblər.
Nazirlər həmçinin İranı ərəb ölkələrində onunla əlaqəli silahlı qruplara dəstək, maliyyələşdirmə və silah təminatını dayandırmağa çağırıblar. Bildirilib ki, bu cür fəaliyyətlər həm region ölkələrinin maraqlarına zərər vurur, həm də əslində İranın öz maraqlarına uyğun deyil.
Bununla yanaşı, bəyanatda İranın Hörmüz boğazında beynəlxalq gəmiçiliyin qarşısını almağa yönəlmiş addımlardan və ya Bəb əl-Məndəb boğazında dəniz təhlükəsizliyini təhdid edən hərəkətlərdən çəkinməsi tələb olunur.
XİN başçıları bir daha vurğulayıblar ki, İranla münasibətlərin gələcəyi “dövlətlərin suverenliyinə hörmət, daxili işlərə qarışmamaq və ərazi bütövlüyünə qarşı hər hansı aqressiyadan imtina” prinsiplərinə əsaslanacaq.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. Zərbələr nəticəsində ölkənin ən böyük şəhərləri, o cümlədən Tehran hədəfə alınıb. Ağ Ev hücumları İranın raket və nüvə təhdidləri ilə əsaslandırıb.
Hərbi əməliyyatlar zamanı İranın ali dini lideri ayətullah Əli Xamenei və ölkə rəhbərliyinin digər mühüm nümayəndələrinin həlak olduğu bildirilir. Buna cavab olaraq İranın İslam İnqilabı Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı əməliyyata başladığını açıqlayıb.
Eyni zamanda, İranın cavab zərbələri Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı ABŞ obyektlərini də hədəf alıb.
Qadir, Bizimyol.info






