Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Təhsil eksperti: “Akademik göstəriciləri yüksək görünsə də, dərindən mənimsəməyən, sadəcə mexaniki icraçılıqla məşğul olan nəsil yetişdiririk”
Təhsil eksperti: “Akademik göstəriciləri yüksək görünsə də, dərindən mənimsəməyən, sadəcə mexaniki icraçılıqla məşğul olan nəsil yetişdiririk”

Getdikcə uşaqların əksəriyyətinin ev tapşırıqlarını təkbaşına etmək istəməməyi halları artır. Onlar daim böyüklərdən kömək istəyir. Belə məqamda düşünürsən ki, şagird dərsi yaxşı qavramayıb və ya tənbəllik edir.

  • Şagirdin ev tapşırıqlarında kömək gözləməsi halı davam edərsə hansı nəticələrə gətirib çıxara bilər?

Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu halın davamlı xarakter alması ilk növbədə yaradıcı və tənqidi təfəkkürün inkişafını ləngidir: “Bu məsələyə sadəcə bir dərsi qavrama və ya tənbəllik prizmasından yanaşmaq bizi yanlış nəticələrə götürə bilər, çünki burada söhbət uşağın fərdi məsuliyyət hissinin və özünəinam duyğusunun zədələnməsindən gedir. Ev tapşırıqları təhsil prosesində şagirdin gün ərzində öyrəndiklərini təkbaşına sınaqdan keçirdiyi, səhv etmək azadlığından istifadə etdiyi ən mühüm mərhələdir və əgər biz bu mərhələdə daim onun yerinə qərar veririksə, əslində övladımızı intellektual asılılığa məhkum edirik”.

Əmrah Həsənli Əmrah Həsənli

“Şagird hər çətinliyə düşəndə kənardan müdaxilə gözlədikcə onda belə bir qənaət formalaşır ki, mən təkbaşına öhdəsindən gələ bilmərəm və bu düşüncə tərzi zamanla xroniki xarakter alaraq onun gələcəkdə qarşılaşacağı daha böyük həyati sınaqlarda da geri çəkilməsinə səbəb olur. Bu halın davamlı xarakter alması ilk növbədə yaradıcı və tənqidi təfəkkürün inkişafını ləngidir, çünki hazır cavaba və ya köməyə öyrəşən beyin problem həlletmə yollarını axtarmaqdan imtina edir. Nəticədə biz akademik göstəriciləri yüksək görünsə də, əslində dərindən mənimsəməyən, sadəcə mexaniki icraçılıqla məşğul olan bir nəsil yetişdirmiş oluruq ki, bu da ali təhsil və sonrakı peşəkar fəaliyyət dövründə özünü kəskin büruzə verir. Digər tərəfdən, valideynin həddindən artıq kömək etməsi uşaqda "səhv etmək qorxusu" yaradır, o düşünür ki, mütləq ideal nəticə göstərməlidir və bu gərginlik onu müstəqil addım atmaqdan çəkindirir. Əgər biz bu zənciri vaxtında qırmasaq, sabah cəmiyyətdə öz sözünü deməyə çətinlik çəkən, qərarlarının məsuliyyətini daşıya bilməyən və daim kiminsə rəhbərliyinə ehtiyac duyan fərdlərin sayının artması qaçılmaz olacaq. Odur ki, ev tapşırığı prosesində valideynin rolu dərsi uşaqla birlikdə hazırlamaq deyil, sadəcə ona istiqamət verən bir bələdçi olmaqdan ibarət qalmalıdır ki, şagird öz uğurunun və ya uğursuzluğunun müəllifinin məhz özü olduğunu hiss etsin”-deyə Əmrah Həsənli qeyd edib.

Günel Həsənova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »