İran ətrafında baş verən hadisələr Qərb ölkələri arasında diplomatik gərginliyi artırıb. Bu vəziyyət fonunda Ukrayna prezidenti Vladimir Zelenski münaqişənin Ukraynadakı müharibəyə təsiri ilə bağlı “çox pis öncəgörü” hiss etdiyini bildirib.
Bizimyol.info xəbər verir ki, o, BBC-yə müsahibəsində qeyd edib ki, ABŞ-ın diqqəti “təəssüf ki, Ukraynadan daha çox Yaxın Şərqə yönəlib”. Bu səbəbdən Ukrayna ilə bağlı sülh danışıqları “davamlı şəkildə təxirə salınır və bunun əsas səbəbi İrandakı müharibədir”.
Zelenskinin sözlərinə görə, ABŞ prezidenti Donald Trump hazırda əsas diqqətini İrana yönəldib, lakin tərəflər arasında əlaqələr davam edir: “Bizim qrup hər gün amerikalılarla danışır. Amerikalılar da hər gün ruslarla danışır”, -deyə o qeyd edib.
Dövlət başçısı əlavə edib ki, ABŞ Ukrayna ilə bağlı danışıqları öz ərazisində keçirməyə hazır olduğunu bildirsə də, Rusiya bu təklifi rədd edib. “Hazırda biz ABŞ-la işləməyə davam edirik, tarix və məkan təklif edirik. Ukrayna istənilən tarix və məkanı dəstəkləyəcək, amma qətiyyən Rusiyada yox”, – deyə prezident vurğulayıb.
Zelenski eyni zamanda İran məsələsi ilə bağlı Qərb liderləri arasında parçalanma riskinə diqqət çəkib. O, Keir Starmer ilə Trampın ortaq mövqe nümayiş etdirməsinin vacibliyini qeyd edib və bildirib ki, “NATO daxilində istənilən parçalanma hər iki tərəfi zəiflədir”.
Məlumata görə, Zelenski Avropa turnesi çərçivəsində Londonda səfərdə olub. Bu səfər İran ətrafındakı gərginliyin Ukraynanın Rusiya ilə mübarizəsini kölgədə qoyduğu bir dövrə təsadüf edir. Starmer isə bildirib: “Əsas diqqətin Ukraynada qalması çox vacibdir”.
Londonda parlament üzvləri qarşısında çıxış edən Zelenski: “Rusiyada və İranda mövcud olan rejimlər nifrət üzərində qurulub, buna görə də onlar silahda da müttəfiqdirlər. Biz istəmirik ki, nifrət üzərində qurulan rejimlər qalib gəlsin, Avropaya və tərəfdaşlarımıza təhlükə yaratsın”, - deyə bildirib.
Bundan əlavə, Zelenski britaniyalı siyasətçilərə bildirib ki, Ukrayna müasir müharibənin qabaqcıl təcrübəsini qazanıb və bu bilikləri müttəfiqlərlə bölüşə bilər.
Eyni zamanda, "Politico" yazıb ki, ABŞ hakimiyyəti Ukrayna üzrə sülh danışıqlarından Çinə qarşı alət kimi istifadə etməyi planlaşdırır. Lakin ekspertlər hesab edir ki, Rusiya və Çində hazırkı liderlər hakimiyyətdə qaldığı müddətdə bu planın uğur şansı azdır.
Dünən həmçinin Finlandiya prezidenti Aleksandır Stubb bildirib ki, Avropa gələcəkdə Rusiya ilə dialoqu bərpa etməli ola bilər.
Qadir, Bizimyol.info






