Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ və Yaponiya birgə neft ehtiyatları yaratmağa hazırlaşır
ABŞ və Yaponiya birgə neft ehtiyatları yaratmağa hazırlaşır

ABŞ və Yaponiya hakimiyyətləri Yaponiyanın ərazisində yerləşəcək və Amerika yataqlarından tədarüklər hesabına formalaşacaq birgə neft ehtiyatlarının yaradılması məsələsini müzakirə edirlər.

Bizimyol.info xəbər verir ki, bu barədə razılaşmanın 19 mart tarixində Vaşinqtonda Yaponiya baş naziri Sanae Takaiçi ilə ABŞ prezidenti Donald Tramp arasında keçiriləcək görüş zamanı elan oluna biləcəyi bildirilir.

Məlumata görə, layihə Tokionun daha əvvəl ABŞ-da yatıracağını vəd etdiyi 550 milyard dollarlıq investisiyalar hesabına maliyyələşdiriləcək. Yaponiyanın birgə neft ehtiyatlarının yaradılmasına ayıracağı vəsaitin həcmi isə əlavə danışıqlar zamanı dəqiqləşdiriləcək.

Bildirilir ki, bu ehtiyatlar Alyaskadakı yataqlardan idxal ediləcək neft hesabına formalaşdırıla bilər. Bununla da Tokio Yaxın Şərqdə davam edən böhran fonunda enerji təchizatını şaxələndirməyə çalışır. Hazırda Yaponiya istehlak etdiyi neftin 90 faizdən çoxunu bu regiondan, cəmi 1,9 faizini isə ABŞ-dan alır.

Martın 16-da Yaponiya ABŞ və İsrailin İrana endirdiyi zərbələr nəticəsində yaranan tədarük problemlərinə görə milli strateji neft ehtiyatlarının bir hissəsini bazara çıxarmağa başlayıb. Ümumilikdə, ölkənin 45 günlük tələbatını qarşılayacaq həcmdə neft satışa çıxarılacaq. Bu həcmlər ABŞ və İsrailin İrana zərbələrindən əvvəlki qiymət səviyyəsinə uyğun, nisbətən aşağı qiymətlərlə topdansatış şirkətlərinə təqdim ediləcək.

Ümumilikdə isə Yaponiyanın strateji neft ehtiyatları ölkənin təxminən səkkiz aylıq tələbatını ödəməyə qadirdir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »