Netanyahu və Xameneinin ölümü ilə bağlı yayılan iddialar həm sosial mediada, həm də bəzi rəsmi mənbələrdə səslənir, lakin bu xəbərlərin doğruluğu təsdiqlənməyib. Hər iki lider hazırda münaqişə və müharibə şəraitində şəxsi və vəzifə təhlükəsizliyinin təmin olunması məqsədilə ciddi qorunma altında ola bilər. Bu cür məlumatlar çox vaxt informasiya müharibəsinin bir hissəsi kimi təqdim olunur və qarşı tərəfin ictimaiyyətinə psixoloji təsir göstərmək, çaşdırmaq və manipulyasiya məqsədi daşıyır.
Siyasi şərhçi Rufiz Hafizoğlu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ümumiyyətlə, hər iki tərəfdən istər Müctəba Xamneinin, istərsə də Netanyahunun ölümü haqqında müxtəlif fərziyyələr var: “İran qismən bu fərziyyələri Müctəbanın yaralı olması xəbərini rəsmi olaraq təsdiqlədi. Yaralıdır, amma sağdır. Burada bir az şübhə doğuran məqam əslində Benyamin Netanyahunun sağ olub-olmamasıdır. Bir çoxları Onun yayımlanan videosunun süni intellektlə hazırlanan bir video olduğunu söylədilər. İsrail bunu nə təkzib etdi, nə də təsdiqlədi. Həqiqətən videonun süni intellekt ilə hazırlandığı olduqca realdır. Amma məsələ ondadır ki, bu gün heç kim nə İran rəsmiləri, nə də İsrail rəsmiləri hələ ki, bu iki liderin ölü olub-olmamasını təsdiqləyə bilməz. Xüsusən də, Netanyahunun ölümünü təsdiqləmək olmaz. Çünki bu ölüm Müctəba Xameneinin ölümündən daha səs-küylü, şok effekti yaradan bir fakt ola bilər. Çünki İrandan fərqli olaraq, İsrail başqa bir dövlətdir. Burada dövlət strukturu fərqli təşkil olunub. Netanyahunun ölümü, demirəm İsrailin sonu ola bilər, amma fəsadlara gətirib çıxara bilərdi. Ən azı İsrail daxilində bu ciddi əks-səda doğura bilərdi. Amma Müctəbanın ölümü təsdiqlənərsə, bu bir az fərqlidir. Yəni Müctəba olmasın, Xamneinin nəvəsi olsun, Həsən olsun və s. Təbii ki, bu kimi iddialar olacaq. Bu iki liderdən hər hansı bir rəsmi açıqlama vermədikcə, canlı yayımda çıxış etmədikcə, heç kim bunların sağ olub-olmamasını söyləyə bilməyəcək”.
Rufiz HafizoğluRufiz Hafizoğlu qeyd edib ki, hər iki tərəfin bu cür taktiki gedişləri etmək ixtiyarı var: “Müharibədir, müharibədə bütün üsullar doğrudur, gerçəkdir. Belə bir xəbər olsaydı, İsrail cəmiyyətində bunu gizlətmək olmazdı. Amma yenə də bilmək olmaz. Hədəf nədir, məqsəd nədir? Yaxın günlərdə yəqin ki, bəlli olacaq”.
İradə Cəlil, Bizimyol.info






