İran parlamentinin Milli təhlükəsizlik komissiyasının sədri İbrahim Əzizi Ukraynanın İsrailə hər hansı hərbi yardımının Tehranın raket zərbələri üçün “qanuni hədəf” sayılacağını bildirib.
Bizimyol.info xəbər verir ki, onun sözlərinə görə, xüsusilə pilotsuz uçuş aparatları ilə bağlı yardım Ukrayna ərazisini İran üçün legitim hədəfə çevirə bilər. Əzizi bu barədə "Iran International" telekanalına müsahibəsində danışıb.
“Ukraynanın İsrailə, xüsusilə dronlarla bağlı göstərdiyi dəstək BMT Nizamnaməsinə uyğun olaraq Ukrayna ərazisini İslam Respublikası üçün qanuni və əsaslı hədəfə çevirir”, – deyə iranlı siyasətçi bildirib.
Bu bəyanat martın 14-də səsləndirilib. Ukrayna tərəfi isə hələlik açıqlamaya münasibət bildirməyib.
Qeyd edək ki, son illər İran Rusiyanın əsas tərəfdaşlarından birinə çevrilib və Moskvanı minlərlə “Şahed” kamikadze dronu ilə təmin edib, həmçinin onların Rusiyada kütləvi istehsalı üçün texnologiya ötürüb.
Bununla yanaşı, Ukrayna İran istehsalı olan dronlara qarşı mübarizə sahəsində ciddi təcrübə qazanıb. Ukrayna hərbçilərinin “Şahed”ləri effektiv şəkildə zərərsizləşdirməsi səbəbindən bir sıra ölkələr, o cümlədən Yaxın Şərqdəki tərəfdaşlar Kiyevdən bu sahədə məsləhət və texnologiya almağa başlayıblar.
Məlumata görə, İran rəsmilərinin sərt bəyanatları Ukraynanın bu təcrübəni İsrail və Fars körfəzi ölkələri ilə bölüşməsi fonunda səsləndirilir. Tehran bunu rəqiblərinin tərəfində müharibəyə qoşulmaq kimi qiymətləndirir.
Qadir, Bizimyol.info






