İranın yeni Ali Lideri Müctəba Xamenei Avropa İttifaqı sanksiyaları siyahısında deyil.
Bizimyol.info xəbər verir ki, bu barədə Avropa Birliyinin Xarici İşlər Xidmətinin sözçüsü Ənvər əl-Anuni bildirib.
"Avropa İttifaqının sanksiya siyahısı açıqdır və Müctəba Xamenei burada yer almır", – deyə o, mətbuat konfransında qeyd edib. Ənuni həmçinin vurğulayıb ki, bir şəxsin sanksiya siyahısına daxil edilməsi qərarı Avropa İttifaqı Şurasının səlahiyyətindədir və bu qərar 27 üzv dövlətin yekdilliyi ilə qəbul olunur.
Qeyd edək ki, İran İslam Respublikasının ekspertlər şurası mərhum ayətulla Əli Xameneinin oğlunu ölkənin yeni ali lideri seçdiyini açıqlayıb. 56 yaşlı Müctəba Xameneinin namizədliyi bəzi dairələrdə tənqid olunub və onu inqilabi prinsiplərə əsaslanan sistemdə irsi hakimiyyət nümunəsi kimi qəbul etməyiblər.
28 fevral tarixində ABŞ və İsrail İran əleyhinə hərbi əməliyyatlara başlayıb. Əməliyyatlar zamanı İranın ən böyük şəhərləri, o cümlədən Tehran hədəfə alınıb. Ağ Ev raket və nüvə təhlükələri səbəbi ilə hücumları əsaslandırıb. İran İslam İnqilabı Keşikçiləri Korpusu genişmiqyaslı cavab əməliyyatına başlayaraq İsraildə obyektləri vurub. Həmçinin Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı ABŞ obyektləri də zərbə alıb. Hücumlar nəticəsində İranın ali lideri ayətulla Əli Xamenei və digər əsas rəhbər şəxslər həlak olub.
Bizimyol.info






