ABŞ Silahlı Qüvvələri Cənubi Koreyanın Osan Hərbi Hava Bazasına bir neçə "Patriot" zenit raket kompleksini yerləşdirib. Eyni zamanda bazada ağır hərbi nəqliyyat təyyarələri də müşahidə olunub.
Bizimyol.info xəbər verir ki, "Yonhap" agentliyinin mənbələrə istinadən verdiyi məlumata görə, "Patriot" raket kompleksləri ilə birlikdə "Boeing C-17 Globemaster III" və "Lockheed C-5 Galaxy" təyyarələri də bazada görünüb. Bu, ABŞ kontingentinin bəzi hərbi vasitələrini İranla gərginlik fonunda Cənubi Koreyadan Yaxın Şərqə köçürmək ehtimalı ilə bağlı spekulyasiyalar zamanı baş verib. Agentlik qeyd edir ki, hazırda "Patriot" komplekslərinin Cənubi Koreyadakı digər hərbi obyektlərdən bazaya köçürülməsi ehtimalı da istisna olunmur. Bu, ABŞ və Cənubi Koreya arasında 9 martda başlayacaq “Freedom Shield” hərbi təlimləri ilə bağlı ola bilər.
Cənubi Koreya Xarici İşlər Naziri Ço Hyun martın 6-da ABŞ texnikasının bir hissəsinin Yaxın Şərqə köçürülməsi ehtimalı barədə yalnız tərəflərin məsləhətləşmələr apardığını bildirib. Qeyd edək ki, iyun 2025-ci ildə baş vermiş 12 günlük müharibə zamanı ABŞ Cənubi Koreyadan Yaxın Şərqə iki "Patriot" batareyası göndərmiş, onlar oktyabr ayında geri dönmüşdü.
28 fevral tarixində ABŞ və İsrail İran əleyhinə hərbi əməliyyatlara başlayıb. Hədəfə İranın ən böyük şəhərləri, o cümlədən Tehran düşüb. Ağ Ev hücumları raket və nüvə təhdidləri ilə izah edib.
İslam İnqilabı Keşikçiləri Korpusunun açıqlamasına görə, İran genişmiqyaslı əks-hücum həyata keçirərək İsraildə obyektləri vurub. Bundan əlavə, ABŞ obyektləri Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyədə də zərbələr alıb.
Zərbələr nəticəsində İranın ali rəhbəri ayətullah Əli Xameneyi və İslam Respublikasının bir sıra yüksək vəzifəli şəxsləri həlak olub.
Bizimyol.info






