Montessori əslində İtaliyanın ilk qadın həkimi Maria Montessorinin adını daşıyan bir təhsil metodudur. Sadəcə bir tədris metodu deyil - o, uşağa baxış fəlsəfəsidir.
Montessori sistemində əsas ideya uşağın “boş lövhə” olmamasıdır. Bu yanaşmaya görə uşaq doğulduğu andan etibarən daxili inkişaf proqramı ilə gəlir. Müəllimin rolu isə öyrədən olmaqdan çox, müşahidə edən və istiqamət verən olmaqdır. Yəni burada “danışan müəllim, dinləyən şagird” modeli yoxdur.
Montessori siniflərində 3 yaş fərqi olan uşaqlar bir yerdə olur. Sinif otaqları xüsusi Montessori materialları ilə təchiz olunub. Bu materiallar uşaqlara riyaziyyat, dil, elm və təbiətşünaslıq kimi müxtəlif fənləri araşdırmaq imkanı verir. Böyüklər kiçiklərə öyrədərək mövzunu möhkəmləndirir, kiçiklər isə müşahidə edərək öyrənir. Bu model rəqabətdən çox əməkdaşlığa əsaslanır.
Montessori metodunda oyuncaq anlayışı da fərqlidir. Materiallar real həyat alətlərinə bənzəyir: şüşə qablar, taxta materiallar, metal çərçivələr... Məqsəd uşağın fantaziyasını süni stimulla deyil, real təcrübə ilə inkişaf etdirməkdir.
Bu sistemdə “tərif” belə ölçülüdür - uşağa tez-tez “əhsən” demək əvəzinə, onun öz işi ilə fəxr etməsi təşviq olunur. Çünki əsas motivasiya xarici deyil, daxili olmalıdır.
Montessori azadlıq deməkdir, amma sərhədsiz azadlıq yox. Burada azadlıq məsuliyyətlə birlikdə verilir. Uşaq seçir, amma seçimin nəticəsini də yaşayır. Bəlkə də bu səbəbdən bu metodu yüz ildən çoxdur aktual olaraq qalır və dünyanın müxtəlif ölkələrində tətbiq olunur.
Günel Həsənova, Bizimyol.info






