Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bakı Metropoliteni" QSC: "Fevralın 19-u və 24-də baş vermiş 2 hadisə nadir xarakterli texniki nasazlıqlarla bağlı olub"
"Bakı Metropoliteni" QSC: "Fevralın 19-u və 24-də baş vermiş 2 hadisə nadir xarakterli texniki nasazlıqlarla bağlı olub"

Fevralın 24-ü, saat 11:18 radələrində Bakı metropoliteninin “İçərişəhər–Sahil” mənzilində "Qırmızı xətt" üzrə hərəkət edən qatarda texniki nasazlıq qeydə alınıb. Bizimyol.info xəbər verir ki, "Bakı Metropoliteni" QSC-dən məlumat verilib. Bildirilib ki, texniki baxışın keçirilməsinə zərurət yarandığından normativ tələblərə uyğun olaraq sərnişinlər "Sahil" stansiyasında düşürülüb, qatar köməkçi qatar vasitəsilə xətdən çıxarılır. Bu səbəbdən hazırda "Qırmızı" və "Yaşıl xətlər"də qatarların hərəkətində gecikmələr var. "Bənövşəyi xət"də və “Cəfər Cabbarlı-Xətai”, “Həzi Aslanov-Əhmədli” mənzillərində qatarlar qrafik üzrə hərəkət edir.

  • “Qırmızı xətt” üzrə texniki nasazlıqların artmasının səbəbi nədir?
  • Texniki yenilənmə aparılır, yoxsa avadanlıqlarda köhnəlmə var?

Yaranan suallara cavab tapmaq üçün "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinə (QSC) sorğu ünvanladıq. "Bakı Metropoliteni" QSC-dən Bizimyol.info portalının sorğusuna cavab olaraq bildirilib ki, fevralın 19-u və 24-də baş vermiş iki hadisə nadir xarakter daşıyan texniki nasazlıqlarla bağlı olub və Yaşıl və Qırmızı xətlərdə qısamüddətli interval artımı ilə nəticələnib: “Birinci halda “Nərimanov–Əhmədli” sahəsində təxminən 3 dəqiqəlik fasilə yaranıb, digərində isə qatar depoya göndərilənədək “28 May–İçərişəhər” sahəsində 15 dəqiqəlik gecikmə qeydə alınıb. Qatar xətdən çıxarıldıqdan sonra hərəkət ən qısa müddətdə bərpa olunub.

Araşdırmalar göstərib ki, hallardan birində işıqlandırma sisteminin, digər halda isə elektrik qidalanma avadanlığının mühafizə sistemi işə düşüb. Bu mexanizmlər nasazlığın mümkün fəsadlarının qarşısını alan avtomatlaşdırılmış təhlükəsizlik sistemləridir və onların işləməsi təhlükəsizlik baxımından düzgün reaksiya hesab olunur. Bununla yanaşı nasazlığın ilkin səbəbləri araşdırılıb və əlaqəli sistemlər əlavə yoxlanılıb.

Nəzərinizə çatdıraq ki, bütün qatarlara normativlərə uyğun vaxtında texniki qulluq göstərilir, təmir və ehtiyat hissələrlə təminatda problem mövcud deyil. Onu da əlavə etmək lazımdır ki, Bakı metropolitenində vaqonların təmir işləri vaxtında həyata keçirilir. Həmçinin orta və əsaslı təmir zamanı vaqonlarda modernləşdirmə işləri də aparılır”.

Günel Həsənova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »