İran Hörmüz boğazında neft nəqlini dayandırıb və hazırda boğazın hər iki tərəfində təxminən 1000 neft tankeri ilişib qalıb. Boğaz strateji baxımdan çox önəmlidir: hər gün buradan 20 milyon barrel neft keçir. Bu marşrut Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt və İraq neftini, həmçinin Qətərin maye qazını dünya bazarına daşıyır. Hörmüz boğazından keçən enerji resursları bütün dünyada istehlak olunan neftin təxminən beşdə birini təşkil edir. Uzun müddət boğazın bağlı qalması qlobal neft qiymətlərinin yüksəlməsinə səbəb ola bilər və nəticədə ABŞ və Avropada inflyasiya təzyiqini artırar.
- İran Hörmüzü bağlamaqla ABŞ və Avropanı iqtisadi baxımdan sıxışdıracaq, yoxsa bu addım müharibənin daha da kəskinləşməsinə yol açacaq?
Politoloq Şəhla Cəlilzadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, tarixi presedentlər göstəricilərinə görə, enerji kəsintiləri və ya enerji təminat yollarınım bağlanması qısamüddətli şok, qiymət artımları yarada bilir, hətta siyasi təzyiq də formalaşdıra bilir, lakin qarşı tərəfi məğlub etməyə yetmir.
Şəhla Cəlilzadə“Müharibə avtomatik olaraq enerji böhranı yaradan tərəfin lehinə həll olmur. Əksinə həmin tərəfə qarşı yeni koalisiya formalaşa, hərbi müdaxilə şiddətlənə bilir, iqtisadi sanksiyalar tətbiq oluna və yaxud mövcud sanksiyalar daha da artırıla bilir. Bunu 1956-cı ildə “6 günlük müharibə” fonunda 8 il Süveyş kanalının bağlı qalması, 1973-cü ildə ərəb ölkələrinin neft embarqosu ilə yaratdıqları dünya enerji böhranı, 1980-88-ci illərdə İraq-İran müharibəsi fonunda Hörmüz boğazında yaşanan kəsintilər sübut edir. Bu müharibədə 400-dən çox tanker hücuma məruz qalmışdı, dövlətlər enerji daşımaq üçün təhlükəsizlik xərclərini artırmağa məcbur olmuşdu. İran iqtisadi təzyiq yaratsa da, müharibədə strateji qələbə əldə edə bilməmişdi. Əksinə, ABŞ-ın birbaşa hərbi iştirakı artmışdı.
Ümumilikdə, bu cür hallar dünya miqyasında enerji diversifikasiyası, o cümlədən yeni enerji təminat yolları siyasətini inkişaf etdirir”-deyə Şəhla Cəlilzadə qeyd edib.
Politoloqun fikrincə, bu dəfə vəziyyət həm oxşar, həm də biraz fərqlidir: “Daha kritikdir. Çünki İran regional güc faktoru olaraq ciddi çəkiyə malikdir. Lakin Hörmüz boğazından keçidin strateji əhəmiyyəti nəzərə alınaraq, xarici müdaxilə fonunda İranın yaratdığı vəziyyətin uzunmüddətli olmayacağı, İrana qlobal təzyiqlərin daha da güclənəcəyi aydındır. Bu fonda həm də alternativ yollar və dəhlizlərin əhəmiyyəti artacaq”.
İradə Cəlil, Bizimyol.info






