Diksiya təlimlərində səsin tonu, tələffüz və nəfəs texnikası ilə yanaşı, bədən dili də xüsusi əhəmiyyət daşıyır. Çünki müəllim yalnız danışaraq deyil, eyni zamanda duruşu, jest və mimikaları ilə də məlumat ötürür. Son vaxtlar valideynlər bəzi müəllimlərin şagirdlərlə kobud rəftar etməsindən, sinifdə etik normalara uyğun olmayan ifadələr işlətməsindən və onları düzgün olmayan şəkildə tənbeh etməsindən şikayət edirlər.
Müəllimin bədən dili necə olmalıdır?
Təhsil eksperti, publisist Şəmsi Qoca Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, müəllimin duruşu nüfuzuna, nüfuzu isə sistemə bağlıdır: “Müəllimlik təkcə bilik ötürmək deyil, həm də bir duruş və şəxsiyyət nümayişidir. Sinif qarşısına çıxan müəllim ilk saniyədən şagirdin "skaneri" altına düşür. Müəllimin səsi nə qədər mükəmməl olsa da, bədən dili o səsi təsdiq etmirsə, şagird ona inanmayacaq.
1. Özünəinamın dili-duruş: Müəllim sinifdə dik və əmin durmalıdır. Çiyinlərin aşağı düşməsi və ya masaya söykənib danışmaq yorğunluq və ya mövzuya maraqsızlıq siqnalı verir. Müəllim sinifdə hərəkət etməli, lakin bu hərəkətlər xaotik olmamalıdır. Sinfin ortasında dayanan müəllim "mən buranın lideriyəm və mövzuya hakiməm" mesajını ötürür.
2. Göz təması – qəlbin aynası: Ən böyük səhvlərdən biri yalnız ön sırada oturanlarla və ya tavana baxaraq danışmaqdır. Müəllim "yelpazə" üsulu ilə hər bir şagirdin gözünün içinə baxmalıdır. Bu, hər bir şagirdə "mən səni görürəm və sən mənim üçün önəmlisən" hissini verir. Diqqəti dağılan şagirdi tənbeh etmək yerinə, sadəcə ona baxaraq nitqi davam etdirmək ən böyük intizam üsuludur.
3. Jest və mimikalar - səssiz nitq - Müəllimin əlləri cibində olmamalı, sinəsində çarpazlanmamalıdır (bu, özünəqapanma və ya aqressiya rəmzidir). Ovuc içlərinin görünməsi səmimiyyət və dürüstlük rəmzi sayılır. Mimikalar isə mövzuya uyğun dəyişməlidir; ruhsuz bir üzlə qəhrəmanlıq tarixini danışmaq şagirdə heç nə verməz.
4. Etik normalar və kobud rəftar haqqında - Son vaxtlar valideynlərin şikayət etdiyi kobud rəftar və qeyri-etik ifadələr müəllim adının ən böyük düşmənidir. Müəllimin bədən dili heç bir halda təhdidkar olmamalıdır. Şagirdin üzərinə yerimək, barmaq silkələmək, onu fiziki və ya mənəvi cəhətdən kiçiltməyə çalışmaq acizlik əlamətidir”.
Şəmsi QocaŞəmsi Qoca vurğulayıb ki, təhsil sistemi müəllimi elə bir vəziyyətə gətirib ki, o, artıq sinifdə özünü lider yox, bir hədəf kimi hiss edir: “Mənim mövqeyim: Müəllim şagirdi tənbeh edərkən belə, onun şəxsiyyətini alçaltmamalıdır. Kobud ifadə işlədən müəllim əslində öz savadsızlığını və pedaqoji səriştəsizliyini nümayiş etdirir. Əsl müəllim bədən dili ilə "mən sənin dostun və yol göstərəninizəm" deyə bilən insandır. Kobudluq güc deyil, zəiflikdir. Bizim dərsimiz təkcə tarix və ya riyaziyyat deyil, həm də mədəniyyət dərsidir.
Təəssüf ki, son illər Elm və Təhsil Nazirliyinin apardığı bir çox yanlış "islahatlar" müəllimin nüfuzunu sarsıdıb, onu mənəvi cəhətdən yaralayıb.
Təhsil sistemi müəllimi elə bir vəziyyətə gətirib ki, o, artıq sinifdə özünü lider yox, az qala hər kəsin (nazirliyin, valideynin, şagirdin) hədəfində olan bir hədəf kimi hiss edir. Şagird müəllimin üzünə qayıdanda, intizamsızlıq edəndə, hətta fiziki təzyiq göstərəndə müəllimin əlində heç bir "təsir rıçaqı" qalmır. Belə bir mühitdə müəllimin bədən dili özünəinamı deyil, çarəsizliyi və daxili gərginliyi əks etdirir.
Bəli, müəllimin kobudluğunu və qeyri-etik davranışını müdafiə etmək olmaz. Amma başa düşmək lazımdır ki, bu kobudluq çox vaxt müəllimin tükənmiş səbrinin fəryadıdır. Şagirdin müəllimi döyməyə cəhd etdiyi, valideynin qapını təpiklə açdığı bir məktəb mühitində müəllimdən "aktyor ustalığı" gözləmək insafsızlıqdır. Müəllimin bədən dili qırıqdır, çünki onun mənəviyyatı zədələnib”.
Günel Həsənova, Bizimyol.info






