Tərcümədə "yeni gün" mənasını verən Novruz, Orta Asiyadan Yaxın Şərqə qədər uzanan geniş coğrafi ərazidə yaşayan xalqlar tərəfindən 21 martda qeyd olunur.
Qədim dövrlərdən bəri müxtəlif xalqlar yazın başlanğıcını, kənd təsərrüfatı fəaliyyətlərinin başladığını və məhsul mövsümünü qeyd ediblər. Məsələn; qədim Babildə Akitu festivalı adlanan bayramlar ilin ilk ayı hesab edilən aprelin ilk on iki gününə təsadüf edirdi. İbranilər birinci, altıncı, yeddinci və doqquzuncu ayların ilk günlərini Yeni il günü kimi qeyd edirdilər. Mənşəyi Kənanlılara gedib çıxan israillilərin yeddi günlük Pasxa festivalı da ilin ilk ayında arpa yığımı ilə üst-üstə düşürdü.
Novruz şənliklərinin harada və nə vaxt başladığı məlum olmasa da, Novruzun Zərdüştlükdən əvvəlki dövrlərdən mövcud olduğuna dair müxtəlif məlumatlar mövcuddur.
Folklorşünas Şakir Albalıyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Novruz bayramı insanların dünyanı, təbiəti dərk etməsi çağlarına dayanır.
“İnsan şüuru dünyanı və dünyanın yaradılışını dərk etdiyi o dövrdə dünyaya metaforik fəlsəfi yanaşma tərzi yarandı. Novruzun fəlsəfəsi də dünya yaradılış fəlsəfəsidir. Yəni yaradılışın necə bərqərar olması, insanın dünyaya münasibəti və sair kimi sualların cavablarını özləri üçün aydınlaşdıranda Novruz bayramı düşüncədə formalaşmağa başladı.
Novruz yaranış bayramıdır. Su, od, yel və torpaq dörd yaranış ünsürünün bunların əsasında yaranış bərqərar olunur, həyat canlanır. Həyatın rəmzi fəlsəfi mənası timsalında bahar fəslinin gəlişi şərəfinə Novruz bayramını keçirməyə başladılar”- deyə Şakir Albalıyev qeyd edib.
“Dörd yaradılış ünsüründən biri də oddur. Od çərşənbəsi də məhz həmin oda bağlı inamı özündə əks etdirir və xalq inanclarında od müqəddəs olmuşdur”-deyə Şakir Albalıyev bildirib.
“Od çərşənbəsində tonqal üzərindən tullanma ənənəsinin tarixi mənşəyi odun təmizləyici missiyası ilə bağlıdır. Bu adət də o simvolik mənanı daşıyır ki, insanlar od üzərindən tullanmaqla özlərini təmizləyirlər.
Od həm də təmizləmə vasitəsidir, necə ki, su təmizləmə vasitəsidir, od da, yandırma da, həm təmizləmə vasitəsidir. İnsanlar oddan adlamaqla özlərini demək keçmiş dərdlərini, yaralarını odda yandırmaq şəklində düşünmüşdülər. Necə ki, su ilə insan həm fiziki, həm də mənəvi baxımdan təmizlənir, od da belə bir missiyanı öz üzərinə götürüb. Odun üstündən atılmaqla “ağırlığım, uğurluğum odlara” deməklə keçmiş dərdi -səri- bəlanı qovmağı və növbəti Novruzda təzə ab- hava ilə mənəvi baxımdan təmiz halda adlamağı düşünmüşlər”-deyə folklorşünas əlavə edib.
Şakir Albalıyev qeyd edib ki, Novruzun tarixi Zərdüştlüyün tarixindən daha çoxdur: “Novruzun fəlsəfəsinin, Novruzun odla bağlı müqəddəs görüşlərinin zərdüştlüyə təsiri kimi düşünmək lazımdır. Novruzda odla bağlı olan müqəddəs ünsürlər, müqəddəs ənənələr, davranışlar zərdüştlük dinində də təqdir olunmuş və zərdüştlüyə də öz əsaslı təsirini göstərmişdir. Yəni od müqəddəs hesab olunur. Eyni zamanda bu müqəddəslik Novruzun da kökündə fəlsəfəsində dayanır. Yəni Zərdüştlük Novruzdan təsirlənib”.
Folklorşünas hesab edir ki, bu bayramın tarixi bəşərin dünyanı dərk etməsi dövründən hesablanır, o dövrdən başlanır və minillər keçib.
“Bu bayram elə bir nəhəng mədəniyyət hadisəsidir ki, təbii ki, onda müəyyən dəyişmələr də, əvəzetmələr də olub, olması təbiidir. Amma bu dəyişmələr transformasiyalar o qədər ləng şəkildə gedir ki, insanlar hiss edə bilmirlər ki, bu dəyişiklik baş verir. Bunu ancaq tədqiqatlar yolu ilə, alimlərin araşdırmaları yolu ilə müəyyən etmək mümkündür”-deyən folklorşünas bildirib ki, Novruz bayramı İslam və Türk dünyasında, Şərq ölkələrində qeyd olunur.
Şakir Albalıyevin fikrincə, bu bayram Türk-İslam dünyasının, Şərq dünyasının ortaq mənəvi-mədəni bayramıdır.
Qeyd edək ki, tarixən od və su ilə əlaqəli elementlər Novruz şənliklərinin ən görkəmli aspektlərindən biri olub. Novruz günü və axşamı insanlar meydanlarda yanan tonqalların ətrafına toplaşır, günahlarından təmizlənmək və bəxtlərini yaxşılaşdırmaq üçün onların üzərindən tullanırlar. Bəzi türk tayfalarında Novruz günündə dəmir qızdırılır və odda döyülür. Novruzdan əvvəl buğda və mərcimək kimi dənli bitkilər isladılır və cücərdir.
İradə Cəlil, Bizimyol.info
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA)Məqalə, Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.
İstiqamət: 6.3.8. Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği.






