İrəvanın ölkə ərazisində yerləşən 102-ci Rusiya hərbi bazasının çıxarılması ilə bağlı heç bir planı yoxdur.
Bizimyol.info xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan deyib.
O qeyd edib ki, azırda Ermənistan ərazisində 102-ci Rusiya hərbi bazası dislokasiya olunub. Bazanın əsas hissəsi Gümrüdə yerləşir, onun tərkib hissəsi olan “Erebuni” aviabazası isə İrəvanda fəaliyyət göstərir.
Varşavada diplomat və analitiklərin Ermənistan tərəfinin Moskvaya bazanın fəaliyyətinin dayandırılması ilə bağlı müraciət edib-etməməsi barədə sualını cavablandıran Paşinyan belə bir təşəbbüsün olmadığını vurğulayıb.
“Ermənistan ərazisində 102-ci Rusiya hərbi bazasının mövcudluğu ilə bağlı hər hansı planımız, proqramımız və ya sualımız yoxdur. Rusiya Federasiyası ilə sıx tərəfdaşlıq münasibətlərimiz var — iqtisadi və siyasi əlaqələr qurulub”, — deyə Paşinyan bildirib.
Bununla yanaşı, o, bir daha Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) İrəvan qarşısında müttəfiqlik öhdəliklərini yerinə yetirmədiyini bəyan edib.
Paşinyan eyni zamanda 2020-ci ilin noyabrında Qarabağda atəşkəsin əldə olunmasında Rusiyanın və Prezident Vladimir Putinin həlledici rol oynadığını qeyd edib. Baş nazir hazırkı Rusiya–Ermənistan münasibətlərini “transformasiya mərhələsindən keçən” münasibətlər kimi xarakterizə edib.
Xatırladaq ki, Paşinyan 2024-cü ilin fevralında ilk dəfə Ermənistanın KTMT-də iştirakının dondurulması məsələsini gündəmə gətirmişdi. Moskva isə dəfələrlə bəyan edib ki, İrəvan təşkilatın bütün hüquq və öhdəliklərinə malik tamhüquqlu üzvü olaraq qalır.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanın təşkilatdan çıxması ilə bağlı müzakirələrin hüquqi əsasının olmadığını bildirərək, bunu “söz oyunu” adlandırıb. Rusiya xarici işlər nazirinin müavini Mihail Qaluzin isə Ermənistanın KTMT-də iştirakının dondurulmasını Qərb dövlətlərinin təzyiqi ilə əlaqələndirib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov da KTMT-nin “Ermənistanı çətin vəziyyətdə tək qoyduğu” barədə iddiaların həqiqəti əks etdirmədiyini vurğulayıb.
2025-ci il dekabrın 27-də Bişkekdə keçirilən KTMT sammitindən sonra Prezident Vladimir Putin Ermənistanın təşkilatdakı mövqeyinin onun suveren seçimi olduğunu bildirib. O qeyd edib ki, İrəvan KTMT çərçivəsində qəbul olunan qərarları dəstəkləyir və formal olaraq üzv kimi qalır, lakin hazırda təşkilatın iclaslarında iştirak etmir.
Bizimyol.info






