Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Dərsliklər və tədris metodu o qədər faktoloji olur ki, şagird onu yalnız "imtahanı vermək" üçün vasitə kimi görür”
“Dərsliklər və tədris metodu o qədər faktoloji olur ki, şagird onu yalnız "imtahanı vermək" üçün vasitə kimi görür”

Müəllimlərin və valideynlərin ən çox dilə gətirdiyi problemlərdən biri uşaqların oxuduqlarını qısa müddət sonra unutmasıdır. Dərs zamanı müəllim mövzunu şagirdin daha yaxşı qavraması üçün bəzən eyni materialı bir neçə dəfə izah edir, əlavə nümunələr göstərir, sual-cavab aparır. Məqsəd odur ki, şagird mövzunu sadəcə əzbərləməsin, onu dərk etsin və yaddaşında saxlasın. “Axı təkrar biliyin anasıdır”. Buna baxmayaraq, bir çox hallarda dərsdə başa düşülən mövzu bir neçə gün sonra unudulur. Bu isə həm müəllimləri, həm də valideynləri düşündürən əsas suallardan birinə çevrilir: problem tədris metodundadır, uşağın diqqətində, yoxsa müasir dövrün sürətli informasiya axınında?

Təhsil eksperti, publisist Şəmsi Qoca Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu gün uşaqlar böyük bir informasiya hücumuna məruz qalırlar: “Zaman dəyişir, metodlar yenilənir, texnologiya baş gicəlləndirici sürətlə inkişaf edir, lakin təhsil ocaqlarında dəyişməyən bir sual hələ də aktual olaraq qalır: "Müəllim dərsi neçə dəfə izah etdi, bəs şagird niyə unutdu?"

Bizim nəsillərin yaddaşında "Təkrar biliyin anasıdır" kəlamı qızıl hərflərlə həkk olunub. O dövrdə təkrar sadəcə bir mexaniki hərəkət deyil, öyrənilən biliyin ruhumuza hopması, düşüncə sistemimizin ayrılmaz hissəsinə çevrilməsi idi. Bəs indi nə baş verir? Niyə müasir şagirdin yaddaşı sanki üzərində yazı yazılmayan, su tökülən kimi hər şeyi silib aparan hamar bir lövhəyə bənzəyir?

Bu gün uşaqlar tarixin heç bir dövründə olmadığı qədər böyük bir informasiya hücumuna məruz qalırlar. Smartfonların kiçik ekranlarından axan rəngarəng videolar, sosial şəbəkələrin qısa və ötəri məlumatları beyində "müvəqqəti saxlanc" yerini doldurur. Şagirdin diqqəti o qədər parçalanıb ki, o, dərinliyə enməkdən qorxur. Beyin özünü qorumaq üçün gələn məlumatı dərindən analiz etmək əvəzinə, onu sadəcə "qeydə alır" və növbəti "maraqlı" xəbər gələn kimi köhnəsini arxivə belə göndərmədən silir.

Müəllim dərsi 10 dəfə izah edə bilər, lakin əgər o izahda şagirdin qəlbinə toxunacaq bir bədiilik, həyatla bağ yoxdursa, o məlumat "ruhsuz" qalır. İnsan yaddaşı duyğularla işləyir. Biz sevdiyimiz şeiri, həyəcanla oxuduğumuz dastanı, babalarımızın danışdığı bir rəvayəti heç vaxt unutmarıq. Çünki orada emosiya var. Bu günün dərslikləri və tədris metodu bəzən o qədər quru və faktoloji olur ki, şagird onu yalnız "imtahanı vermək" üçün bir vasitə kimi görür. İmtahan bitir, "lazımsız" yük də yaddaşdan atılır”.

Şəmsi Qoca Şəmsi Qoca

Şəmsi Qoca qeyd edib ki, şagirdə faktı deyil, o faktın arxasındakı fəlsəfəni, gözəlliyi və ehtiyacı aşılamaq lazımdır: “Müasir dövrün ən böyük bəlalarından biri "hazır bilgi" psixologiyasıdır. Bizim vaxtımızda bir faktı öyrənmək üçün kitabxanaya gedər, ensiklopediyaları vərəqləyər, o məlumatı zəhmətlə qazanardıq. Zəhmətlə qazanılan bilgi isə yaddaşın ən dərin qatlarında özünə yuva qurur. İndi istənilən məlumat bir "klik" uzaqlığındadır. Şagird düşünür: "Bunu niyə yadda saxlamalıyam ki, istənilən an telefondan baxa bilərəm". Bu düşüncə tərzi beynin yaddaş əzələlərini atrofiyaya uğradır, onu tənbəlləşdirir.

Çıxış yolu: Biliyin "anası" təkrardırsa, onun "ruhu" maraqdır. Şagirdə faktı deyil, o faktın arxasındakı fəlsəfəni, gözəlliyi və ehtiyacı aşılamaq lazımdır. Tarix dərsində şagird özünü o dövrün qəhrəmanı kimi hiss etməli, coğrafiya dərsində o torpağın qoxusunu duymalıdır. Təkrar isə yalnız sinif otağında yox, həyatın içində, müzakirələrdə və yaradıcılıqda davam etməlidir.

Unutmayaq ki, yaddaş bir qab deyil ki, onu dolduraq; yaddaş bir məşəldir, onu yandırmaq və daim alovlu saxlamaq lazımdır. Yalnız o zaman şagird oxuduğunu unutmayacaq, əksinə, öyrəndiyi hər bir kəlmə onun şəxsiyyətinin bir kərpici olacaqdır”.

Günel Həsənova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »