Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"İndi Rusiya Ukraynanın və ya Çin də Tayvanın prezidentini öz ölkəsinə gətirsə, ona "söz" deyən olmayacaq"
"İndi Rusiya Ukraynanın və ya Çin də Tayvanın prezidentini öz ölkəsinə gətirsə, ona "söz" deyən olmayacaq"

Nyu-York məhkəməsi ABŞ xüsusi təyinatlı qüvvələri tərəfindən tutulan Venesuela prezidenti Nikolas Maduroya qarşı ittiham irəli sürüb. Oxşar ittihamlar onun həyat yoldaşı Siliya Floresə qarşı da irəli sürülüb. ABŞ ədliyyə sistemi məhkəmənin qanuniliyini daxili hüquqi konsepsiyalara əsaslandırır və iddia edir ki, şübhəlinin məhkəmə üçün ABŞ-a köçürülməsinin qanuniliyi məhkəmənin başlanması ilə əlaqəsizdir. Lakin qanunilik həm ölkə daxilində, həm də xaricdə ABŞ administrasiyasını tənqid edənlər üçün vacibdir. Onlar Maduronun tutulması üçün heç bir hüquqi əsasın olmadığını və beynəlxalq hüququn bu cür açıq şəkildə pozulmasının yaxşı bir şeyə gətirib çıxarmayacağını vurğulayırlar. ABŞ administrasiyası dərhal Maduro və həyat yoldaşının Karakasda tutulmasını narkotik qaçaqmalçılığına qarşı mübarizə ilə əlaqələndirdi.

Politoloq Samir Hümbətov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Amerika Birləşmiş Ştatlarının bu hərəkəti əvvəl Panamaya qarşı olmuşdu: “Burada söhbət narkotrafikdən bəlkə də az bir miqdarda gedir. Amerikanın burada əsas məqsədi Venesuelanı işğal altında saxlamaqdır. ABŞ bunu Əfqanıstana, Suriyaya, Panamaya müəyyən dərəcə etmişdi. İndi eynisini də Venesuelaya edir. Çünki dünyanın neft ehtiyatının, 303 milyard bareldən çoxu, 1,9 trilyon kubmetr qaz ehtiyatı Venesuelanın payına düşür. Venesuela zəngin sərvətləri olan bir ölkədir”.

Samir Hümbətov Samir Hümbətov

Samir Hümbətov qeyd edib ki, əgər beynəlxalq ədalətin mühakiməsindən söhbət gedirsə, Maduro ABŞ məhkəməsinə deyil, Beynəlxalq Məhkəməyə verilməli idi və sabiq prezident bu məhkəmədə mühakimə olunmalı idi.

“Digər tərəfdən bir dövlət başqa dövlətin rəhbərini öz ölkəsində götürüb qanunsuz şəkildə qaçırmaqla, belə bir cinayət törədibsə, burada ədalətdən danışmaq bir az qarışıqdı. ABŞ-nin nə deməsindən asılı olmayaraq reallıq ortadadır. Faktiki olaraq Maduro ABŞ tərəfindən ölkəsindən zorla qaçırılıb və onun ölkəsi bu gün faktiki olaraq işğal altındadır. Bu səbəbdən də ABŞ dövlət katibinin müavinin nə deməsinin heç bir önəmi yoxdur. Reallıq budur ki, əgər Maduronun cinayəti var idisə, beynəlxalq məhkəməyə verilərdi. Beynəlxalq Məhkəmə Maduro haqqında axtarış elan etməli idi və onun həbsi ilə bağlı order çıxarılmalı idi, sonra bu istiqamətdə müvafiq tədbirlər görülə bilərdi. Mövcud proseslərin bu formada cərəyan etməsi, birbaşa insan haqlarının pozulması və beynəlxalq hüququn tamamilə yox olması anlamını daşıyır. ABŞ bunu edirsə, sabah Rusiya Zelenskini Kiyevdən götürsə və yaxud tamamilə Ukrayna işğal eləsə, ona söz deyən olmayacaq. Çin Tayvan prezidentini götürsə, ona söz demək mümkün olmayacaq. Amerika artıq presedent yaratdı”-deyə politoloq Samir Hümbətov vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »