Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"ABŞ-nin Venesuela əməliyyatından sonra Çin də Tayvanı yaxın zamanda zəbt edərək, öz ərazisinə qata bilər"
"ABŞ-nin Venesuela əməliyyatından sonra Çin də Tayvanı yaxın zamanda zəbt edərək, öz ərazisinə qata bilər"

“2025-ci ildə hakimiyyətə gələn Tramp özünün dediyi kimi, dünyada gedən səkkiz müharibəni dayandırdı. Doqquzuncu müharibə Rusiya-Ukrayna müharibəsi hələ də davam edir. Bu yöndə də müəyyən çalışmalar aparılsa da, hələlik sülhə nail olmaq mümkün olmayıb. Təəssüf ki, 2026-cı ilin ilk günündə ABŞ prezidenti Donald Trampın göstərişi ilə ABŞ-nin xüsusi təyinatlıları Venesuelaya, Karakasa hücum edərək hakimiyyətdə olan prezidenti Maduronu və onun arvadını otağında tutub ABŞ-yə gətirdilər. Bu, analoqu olmayan bir hadisədir”.

Politoloq Elşad Həsənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Trampın bu hərəkəti, bu əməliyyatı beynəlxalq hüquq normalarına əksinədir və müstəqil bir ölkənin daxili işlərinə qarışmaqdır: “Bu presedent nümunə gələcəkdə çox böyük fəlakətlərə yol aça bilər. Yəni bu hadisədən digər ölkələrin rəhbərləri sui istifadə edə bilərlər.

Bizim çəkindiyimiz, Ukraynada müharibə aparan Rusiyadır. Rusiya da bundan sonra məhz ABŞ-nin apardığı bu əməliyyatdan sonra çox asanlıqla Cənubi Qafqazda, əsasən də Ermənistanda belə bir əməliyyat keçirməyə iştahlanacaq. Çünki Ermənistan Rusiyanın forpostu olub. Ermənistanı bir dövlət kimi indiyə qədər idarə ediblər. Ancaq Paşinyan hakimiyyətə gələndən sonra Qərbin dəstəyi ilə Rusiyanın təsirindən çıxmağa çalışıb. Müəyyən mənada da buna nail olublar. Ermənistanın, məhz ABŞ və Qərbin dəstəyilə Rusiyadan tam uzaqlaşma ərəfəsində olduğu zaman ABŞ tərəfindən Venesuella prezidentinin həbs edilib aparılması yaxşı bir nümunə deyil. Rusiya bu metoddan çox asanlıqla istifadə edə bilər. Çünki Rusiyanın Ermənistanda həm hərbi bazası, həm də beşinci kolonu var. Bu mənada Cənubi Qafqazda, xüsusilə də Ermənistanda parlament seçkiləri ərəfəsində vəziyyətin çox gərgin olacağı gözlənilir”.

Elşad Həsənov Elşad Həsənov

Politoloqun fikrincə, bu gün ABŞ-nin verdiyi bəyantlar tam strateji məqsədini əks etdirmir: “Tramp deyir ki, “indi nefti biz idarə edəcəyik”. Çünki həmin neft ucuz qiymətə Çinə satılırdı. Venesuela bu gün dünyada ən çox neft ehtiyatı olan ölkədir. ABŞ-nin özünün də çox neft ehtiyyatı var. Venesuelanın nefti ABŞ-nin əlinə keçəndən sonra artıq onlar dünyada neft qiymətindən istifadə edəcək, lazımi qiyməti özü tənzimləyəcək. Rusiya və Çinə qarşı yeni iqtisadi təzyiqlər göstərə biləcək”-deyə politoloq bildirib.

Elşad Həsənov qeyd edib ki, Tramp çıxışlarında Kolumbiyanı, Qrenlandiyanı və İranı təhdid etməklə yanaşı, Putin haqqında da narazılığını dilə gətirib: “Tramp Ukraynanın Putinin iqamətgahını vurmadığını bildirdi. Yəni ritorikalar dəyişir, narrativlər dəyişir. Rusiya-Ukrayna müharibəsində yaxın zamanlarda ABŞ-nin öz mövqeyini Ukraynanın lehinə dəyişəcək halda olduğunu görürük. Ancaq bu dəyişiklik nə dərəcədə davamlı olacaq, onu demək çətindir.

“ABŞ bu gün dünyanın həm iqtisadiyyatına, həm hərbi gücünə görə lider ölkəsidir. ABŞ Venesuela neftindən Rusiyaya qarşı təzyiq vasitəsi kimi istifadə edəcək.

Bu gün hamıya aydındır ki, Rusiya iqtisadi cəhətdən çökmək üzrədir. Rusiya bu gün xərclərini ödəmək iqtidarında deyil. Onun xərci gəlirlərindən qat-qat çoxdur. Yəni bu nöqteyi-nəzərdən Rusiyada ciddi proseslər gedir və Rusiya da müharibəni dayandırmağa tələsmir. Məhz belə təzyiq vasitələrinə məruz qalan Rusiya Amerikanın təzyiqindən qurtarmaq üçün məcbur olacaq ki, müharibəni dayandırsın.

ABŞ-nin də istəyi budur”-deyə politoloq bildirib.

“ABŞ-nin qlobal anlamda müharibə aparacağı ən böyük ölkə Çindir”-deyən Elşad Həsənovun fikrincə, ABŞ-nin Venesuela əməliyyatından sonra Çin də Tayvanı yaxın zamanda zəbt edərək, öz ərazisinə qata bilər, yəni artıq Çin də özünün haqlı olduğunu həm beynəlxalq hüquqda, həm də özünün gücü vasitəsilə sübut etmək istəyə bilər: “Bu, mənada artıq 2026-cı ilin daha da gərgin "müharibələr ili" olacağı, yəni beynəlxalq vəziyyətin daha da gərgin olacağı gözlənilir. ABŞ artıq qlobal sülh çağırışlarını ilk özü pozdu. Digər ölkələrə qarşı təzyiq-təhdid vasitələrindən istifadə edərək gələcəkdə həm Kolumbiyaya qarşı əməliyyat keçirə bilər, həm də Qrenlandiyanı işğal edə bilərlər. Eyni zamanda İrandakı molla rejiminə qarşı da ciddi əməliyyatlar keçirə bilərlər”.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »