2029-cu ildən etibarən ABŞ Kino Akademiyasının “Oskar” mükafatlarının təqdimetmə mərasimi ABC televiziya kanalının efirindən çıxarılacaq və “YouTube” platformasında pulsuz, canlı yayımla izlənilə biləcək.
Bizimyol.info xəbər verir ki, bu barədə Kino Sənətləri və Elmləri Akademiyası videoplatforma ilə çoxillik saziş imzalandığını açıqlayıb.
Müqaviləyə əsasən, “YouTube” 2033-cü ilə qədər “Oskar” mərasiminin yayımı üzrə qlobal eksklüziv hüquqları əldə edir. Beləliklə, təxminən 50 il ərzində mərasimi yayımlayan ABC-nin efir yayımı tamamilə rəqəmsal formata keçəcək. Yaxın üç mərasim isə əvvəlcədən bağlanmış müqavilələr çərçivəsində ABC tərəfindən yayımlanacaq.
Akademiyada vurğulanıb ki, “YouTube” ilə tərəfdaşlıq mükafatın beynəlxalq auditoriyasını əhəmiyyətli dərəcədə genişləndirməyə imkan verəcək. Akademiyanın baş direktoru Bill Kramer və təşkilatın prezidenti Linett Hauell Teylorun sözlərinə görə, bu qərar Akademiyanın məzmununa daha geniş çıxışı təmin edəcək və qlobal kino ictimaiyyətinə fayda verəcək.
“YouTube”un baş direktoru Nil Mohan “Oskar”ı ən mühüm mədəni institutlardan biri adlandırıb və qeyd edib ki, Akademiya ilə əməkdaşlıq mükafatın ənənə və irsini qorumaqla yanaşı, yeni nəsil tamaşaçıları və müəllifləri cəlb etməyə kömək edəcək.
Qərar son illərdə mərasimin televiziya reytinqlərinin azalması fonunda qəbul edilib. Bununla belə, 2025-ci ildə mobil cihazlar və kompüterlər vasitəsilə yayıma baxan gənc tamaşaçıların hesabına auditoriyada cüzi artım qeydə alınıb.
“Oskar”ın “YouTube”a keçidi Hollivudda baş verən ümumi transformasiyanı, ənənəvi televiziyanın böhranı və kino istehsalının azalması fonunda striminq platformalarının rolunun artmasını əks etdirir.
Qadir, Bizimyol.info






