Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Alimlər heyvanlarda insan orqanlarının yetişdirilməsi istiqamətində mühüm addım atıblar
Alimlər heyvanlarda insan orqanlarının yetişdirilməsi istiqamətində mühüm addım atıblar

ABŞ-ın UT Southwestern universitetinin bioloqları yeni araşdırma ilə insan hüceyrələrinin heyvan orqanizmində sağ qalma faizini kəskin artırmağın yolunu tapıblar. Alimlər siçanlarda immun reaksiyanı işə salan və müxtəlif növ hüceyrələrin birlikdə inkişafına mane olan MAVS adlı zülalı deaktiv ediblər.

Bizimyol.info xəbər verir ki, "Cell" jurnalının verdiyi məlumata görə, MAVS söndürüldükdən sonra insan hüceyrələri heyvan toxumalarında uğurla rəqabət apararaq inteqrasiya edə bilib.

Tədqiqatın aparıcı müəllifi Jun Vunun sözlərinə görə, bu kəşf insan–heyvan ximeralarının yaradılmasını daha səmərəli edir və pasiyent orqanizmi ilə tam uyğun orqanların yetişdirilməsi imkanını tibbin bir addım da yaxınlaşdırır.

Bu irəliləyiş laboratoriyanın əvvəlki nailiyyətini də tamamlayır: alimlər daha öncə müxtəlif növ hüceyrələrin bir-birinə “yapışmasını” çətinləşdirən hüceyrə adeziya molekullarının (CAM) maneəsini də aşmağın yolunu tapmışdılar. Bu iki texnologiyanın birləşməsi gələcəkdə heyvanlarda insan orqanlarının yetişdirilməsi perspektivini daha real edir.

Ximera mövzusu hələ də mübahisəli olaraq qalır və ciddi etik suallar doğurur. Lakin genetik modifikasiya olunmuş donorlardan insanlara orqan köçürülməsi (ksenotransplantasiya) sahəsinin sürətli inkişafı fonunda bu cür biotexnologiyalara maraq artmaqda davam edir.

Hazırda ABŞ-da 100 mindən çox pasiyent orqan transplantasiyası gözləyir. Araşdırma müəllifləri hesab edirlər ki, gələcəkdə heyvanlarda insan orqanlarının yetişdirilməsi bu böhranın əsas həll yollarından birinə çevrilə bilər.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »