Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
AQTA -dan açıqlama: “İrandan idxal edilən portağal məhsullarında bəzi partiyalarda insan həyat və sağlamlığı üçün təhlükəli hesab edilən rəngləyici maddə (Citrus Red 2) aşkarlanıb”
AQTA -dan açıqlama: “İrandan idxal edilən portağal məhsullarında bəzi partiyalarda insan həyat və sağlamlığı üçün təhlükəli hesab edilən rəngləyici maddə (Citrus Red 2) aşkarlanıb”

Xəbər verdiyimiz kimi, sosial şəbəkədə İrandan Azərbaycana gətirilən portağallarla bağlı yayılan məlumatlar ictimaiyyətdə ciddi narahatlıq doğurmuşdur. İran Bərfuruşanlar İttifaqının sədri Əkbər Yavərinin etirafına görə, su qıtlığı səbəbilə yetişməyən portağalların içinə kimyəvi boya və su vurularaq ixrac edilib. Bu portağalların əsas ixrac istiqamətlərindən biri isə Azərbaycandır. Qida təhlükəsizliyi məsələlərinə cavabdeh olan qurumların - xüsusilə də AQTA-nın - bu etirafa və yayılan iddialara qarşı hələlik heç bir rəsmi açıqlama verməməsi isə birmənalı qarşılanmır.

Azərbaycan Qida Təhlükəsizliyi Agentiyi (AQTA) sorğumuza cavab olaraq qeyd olunan məsələdən xəbərdar olduğunu, məsələnin araşdırılmasını və ictimaiyyətə məlumat veriləcəyini bildirmişdir.

Bizimyol.info həmin araşdırmanı təqdim edir: “İran İslam Respublikasından portağal məhsullarının idxalı ilə bağlı müraciət əsasında götürülmüş nümunələrin müayinəsi nəticəsində bəzi partiyalarda istifadəsinə yol verilməyən, insan həyat və sağlamlığı üçün təhlükəli hesab edilən rəngləyici maddə (Citrus Red 2) aşkarlanıb.

Cari il ərzində İrandan portağal idxalı üçün ümumilikdə 33 şirkətin müraciəti qeydə alınıb, uyğunsuzluq isə yalnız 3 şirkətə məxsus məhsulda müəyyən edilib. Məhsul partiyalarının dövriyyəsinin qarşısı alınıb. Həmçinin İrandan idxal edilən portağal məhsulları üzrə yoxlamaların dövriliyi artırılıb. Bütün məhsul partiyaları laborator müayinələrə cəlb edilməklə nəzarət daha da gücləndirilib. Lakin az miqdarda qarışıq halda digər partiyaların içərisində daxili bazara çıxma ehtimalını nəzərə alaraq satış şəbəkələrində müvafiq tədbirlər icra edilməkdədir.

İstehlakçılardan diqqətli olmaları və qarşılaşdıqları uyğunsuzluqlarla bağlı Agentliyin “1003 – Çağrı Mərkəzi”nə məlumat vermələri xahiş olunur”.

Günel Həsənova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »