Adam nə qədər gerilikçi düşüncə daşıyıcısı ola bilərmiş! Nə qədər gerizəkalı olarmış! Nə olsun, həkim-onkoloqdur. İbrahim Əsədli adlı şəxsi deyirəm. Elə başqalarını da.
Bir dəstə adam ilin-günün bu vaxtında keçmiş Sovet İttifaqını bərpa etmək fikrinə düşüb. Keçmiş SSRİ bayraqları ilə yürüş etməyə cəhd göstəriblər.
Bunlar kommunist ideologiyasına ürəkdən bağlı, hətta SSRİ-nin bərpası kimi avantüraya vicdanlı aldanmış olsaydılar, bəlkə anlamaq olardı. Ancaq adamlar başqa bir ölkədən aldıqları qrantla ofis saxlayırmışlar, müntəzəm toplaşırmışlar, müzakirələr aparırmışlar. Bir sözlə, hər gün gəlib ofisdə oturub... "SSRİ-ni bərpa etməklə" məşğul olurmuşlar. Hər biri evdən çıxanda ailə üzvlərinə belə deyirmişlər: "Gedirəm, SSRİ-ni bərpa etməyə".
Bəlkə uşağına söz də verirmişlər: "Bu ay SSRİ-nin bərpasından yaxşı qazanc olacaq, sənə velosiped alacam" və sair.
Bilmirsən, güləsən, yoxsa...
Gülməli deyil; adamlar öz ölkəsinə qarşı gecə-gündüz işləyiblər. Keçmiş SSRİ-ni bərpa etmək fikrinə düşməyin özü Azərbaycanın müstəqilliyinə xain çıxmaqdır. Bunun isbatı da göz qabağındadır: həmin o xəyanətin qarşılığında başqa bir ölkədən (şübhəiz ki, Rusiyadan) qrant alıb yeyiblər.
Bu, artıq vicdanlı aldanış deyil, vicdansız andanışdır. Ortada qrant möhtəkirliyi var.
Qrant qarşılığında Amerikaya, Avropaya işləyənləri görmüşdük, bir də Rusiyaya işləyənlər varmış!
Məsələ bundadır ki, SSRİ-nin bərpası ideyası heç Rusiyanın özündə populyar deyil, bir qrup Azərbaycanlı aktivistə nə düşüb?! Doğrudanmı, beş-on manata görə bu cür boş xülyaların ardınca düşüb, özünü bədbəxt etməyə, ailələrini müvəqqəti də olsa, başsız qoymağa dəyərdimi?!
Daxili İşlər Nazirliyi əməliyyat keçirib, bu adamları saxlayıb, onlara məxsus mənzillərdə, icarəyə götürdükləri ofisdə axtarış aparıb. Orda çoxlu keçmiş Sovet bayraqları, radikal şüarlar, başqa materiallar tapıb. Yəni adamların xəyanətinin maddi sübutları götürülüb. İndi get, həbsxanada çürü. Həm də 34 il əvvəl özü çürüyüb çökmüş Şər İmperiyasının "bərpası" üstündə.
Nə acı və rəzil tale seçimidir bu!
Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info





