Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ iqtisadiyyatı "şatdaun" səbəbilə gündə 15 milyard dollar itirir
ABŞ iqtisadiyyatı "şatdaun" səbəbilə gündə 15 milyard dollar itirir

Federal hökumətin iki həftəlik fəaliyyətinin dayandırılması (şatdaun) ABŞ iqtisadiyyatına hər gün təxminən 15 milyard dollar zərər vurur.

Bizimyuol.info xəbər verir ki, bu barədə maliyyə naziri Skott Bessent məlumat verib.

Nazir qeyd edib ki, hökumətin fəaliyyətinin dayanması artıq ölkə iqtisadiyyatına ciddi təsir göstərməyə başlayıb. O, demokratları respublikaçılarla əməkdaşlıq etməyə və büdcə böhranına son qoyaraq "qəhrəman olmağa" çağırıb.

"Biz hesab edirik ki, istehsalın dayanması səbəbindən ABŞ iqtisadiyyatının gündəlik itkiləri 15 milyard dollara çata bilər", — deyə Bessent Vaşinqtonda keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, ABŞ iqtisadiyyatına, xüsusilə süni intellekt sahəsinə sərmayə axını davam edir, lakin hökumət daxilindəki böhran bu prosesə getdikcə daha çox əngəl törədir.

"Əslində tələbat var, bazar hazırdır, lakin prezident Trampın siyasəti bu artımı alovlandırdı... İndi isə bizi ləngidən yeganə amil hökumətin fəaliyyətinin dayandırılmasıdır", — deyə nazir vurğulayıb.

Skott Bessent əmin olduğunu bildirib ki, ABŞ iqtisadiyyatı yeni bir investisiya dövrünün astanasındadır. "Düşünürəm ki, biz dəmir yollarının sürətlə inkişaf etdiyi XIX əsrin sonlarına və ya internet və ofis texnologiyalarının çiçəkləndiyi 1990-cı illərə bənzər bir dövrə daxil ola bilərik", — deyə o əlavə edib.

Nazir onu da bildirib ki, ABŞ-ın 2025-ci maliyyə ili üzrə büdcə kəsiri ötən illə müqayisədə bir qədər azalıb və bu, yaxın illərdə kəsirin ÜDM-ə nisbətini 3 faizə qədər endirə bilər.

Bununla belə, Konqresin Büdcə İdarəsinin məlumatına əsasən, büdcə kəsirində azalma olduqca cüzi olub — 1,833 trilyon dollardan 1,817 trilyon dollara düşüb. Bu azalma prezident Trampın tətbiq etdiyi tariflər nəticəsində gömrük gəlirlərinin artması ilə əlaqələndirilir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »