Dələduzluqda təqsirləndirilən F.Məmmədxanov Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin Ələt portunun sabiq rəisi olub. Polis pokovniki Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs edilib. O, həbs edilməmişdən əvvəl DİN orqanlarından çıxarılıb.
Fərhad Məmmədxanova Hacı Eldar Hənifəyevin 180 min manat pulunu mənimsəməklə bağlı iiham verilib. Həmin zərərdən 30 min manat qaytarılıb.
"Fərhad gəldi ki, Hacıya pul lazımdır"
Bizimyol.info xəbər verir ki, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində "Caspian Fish"in əməkdaşı Gülməmməd Muradov dindirilib. O, Fərhad Məmmədxanovu su polisində rəis olan vaxtdan tanıdığını deyib. "O vaxt müsadirə olan balıqları bizə təhvil verirdilər. O vaxtdan Fərhad müəllimlə aramızda münasibət yarandı. Bir gün Fərhad mənə dedi ki, bir dostu iş qurmaq üçün pul təklif edir. Biz də razılaşdıq. Rayonda böyük ferma tikib iş qurduq. Sonra bir gün Fərhad gəldi ki, hacıya pul lazımdır, 50 min dollar düzəldim verdim. Bir müddət keçdi yenə Fərhad hacıya pul lazım olduğunu dedi. Bu dəfə də 100 min dollar tapıb verdim. Qohum əqrəbadan yığdım pulları. 2015-də 80 min dollar götürmüşəm".
"Buraxın gedim xəstə balamın yanına"
Fərhad Məmmədxanova çıxış edib. O bildirib ki, dövlətə hər zaman sədaqətli olub: "38 il canımı bu yolda vermişəm. Kişi kimi işləmişəm. Dövlətə xidmət etmişəm. İndi mən danışsam nə olacaq? Kimdir məni qulaq asan? Hər şey hazırdır. Həbsdə olan adamam. Eldarla dost olmuşam. Ailəli olmuşuq. hacı adamdır, mən yenə də deyirəm, borcum var. Amma o qədər deyil. Balam ağır xəstədir. Buraxın gedim xəstə balamın yanına. Quran gətirin əl basım ki, borcumu verəcəm. Burda gəlib ifadə verən Hacı yaxşı adamadır".
Hakim bildirib ki, bura şəriət məhkəməsi deyil: "Quran bizim üçün müqəddəs olsa da, biz işə onun əsasında yox, qanunvericiliyə əsasən baxırıq".
"Bunun 5-10 il içəridə yatması mənə heç nə vermir"
Daha sonra zərərçəkmiş Hacı Eldar Hənəfiyev ifadə verib. O bildirib ki, Fərhad əvvəlcədən borcu olduğunu desəydi mələsə bura çatmazdı: "Onun uşağı xəstələnən birinci mən gedirəm. Ailəsi dolana bilmirsə mən kömək edərəm. Mənim heç kimi tutdurmaq niyyətim yoxdur. Sadəcə mənə qarşı bunlar qarayaxma etdilər. Biri məni faiz verən çıxartdı. Versəm heç kimdən qorxmaram. Sözügedən pul böyük puldur, lakin mənim üçün böyük deyil. Bunun 5-10 il içəridə yatması mənə heç nə vermir. Məhkəmədən vaxt istəyirəm. Vəkillərlə məsləhətləşim".
Prosesdə fasilə elan edilib. Fasilədən sonra yenində çıxış edən Hacı Eldar Hənifəyev bir həftə vaxt istəyib: "Müəyyən təkliflər edirlər. Bunu müzakirə edək".
Proses aprelin 25-də davam edəcək.
Fərhad Əmirxanov Cinayət Məcəlləsinin 178.2-ci - külli-miqdarda dələduzluq maddəsi ilə ittiham edilir.
Rəşad VAQİFOĞLU






