Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Qızılcaya qarşı iki doza vacibdir” – Şahnaz Həsənovadan peyvənd xəbərdarlığı
“Qızılcaya qarşı iki doza vacibdir” – Şahnaz Həsənovadan peyvənd xəbərdarlığı

“Peyvəndlər sayəsində təbii çiçək xəstəliyi yer üzündən ləğv olunub. İndi isə növbədə poliomielit xəstəliyidir” – bu fikri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin məsləhətçisi Şahnaz Həsənova media nümayəndələri ilə görüşdə səsləndirib.

Bizimyol.info xəbər verir ki, ekspert peyvəndlərin insan həyatındakı əhəmiyyətinə toxunaraq bildirib ki, 30-dan çox təhlükəli xəstəliyə qarşı peyvənd mövcuddur. Bunların arasında qaraciyər xərçəngi və uşaqlıq boynu xərçəngi kimi iki onkoloji xəstəliyə qarşı da peyvəndlər tətbiq edilir.

Ş.Həsənova peyvəndlərin təhlükəsizliyini xüsusi vurğulayıb:

“Peyvəndlər çox təhlükəsiz və effektivdir. Hətta bir neçə peyvəndi eyni gündə vurmaq olar”.

O, qızılca xəstəliyinə qarşı da xəbərdarlıq edib və vurğulayıb ki, bu infeksiyadan qorunmaq üçün iki doza peyvəndin alınması mütləqdir:

“Qızılcanın alovlanmasının qarşısını almaq üçün hər iki dozanın vurulması çox vacibdir. Təəssüf ki, bəzən insanlar peyvəndlərin yan təsiri olacağından ehtiyat edərək vurdurmaqdan imtina edirlər. Amma bir daha qeyd etmək istəyirəm ki, peyvəndlər təhlükəsizdir”.

Məsləhətçi əlavə edib ki, hər bir peyvəndin hazırlanması 5-10 il çəkir və bu müddət ərzində o, müxtəlif elmi mərhələlərdən və sınaqlardan keçərək yalnız təhlükəsizliyi təsdiqləndikdən sonra cəmiyyətə təqdim edilir.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »