Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ailə həkimi" rubrikası - Ana südünün tərkibində nələr var? Ana südünün anaya və uşağa faydaları nələrdir?
"Ailə həkimi" rubrikası - Ana südünün tərkibində nələr var? Ana südünün anaya və uşağa faydaları nələrdir?

Ana südü uşağın sağlam inkişafı üçün əvəzolunmaz bir amildir. Ana südü körpə üçün həm qida, həm də immun müdafiə mənbəyidir. Onun əhəmiyyəti həm fiziki, həm zehni, həm də emosional inkişafda mühüm rol oynayır.

  • Ana südü körpənin sağlamlığı üçün ideal qida olmaqla yanaşı, həm də körpənin yaşına uyğun tam balanslaşdırılmış zülal, yağ, karbohidrat, vitamin və minerallarla zəngindir.
  • Asan həzm olunur və uşaq orqanizmi tərəfindən tam mənimsənilir.
  • Təbiətin möcüzəsi olan bu qida uşağı ilk 6 ay ərzində suya belə ehtiyac olmadan bütün lazım olan maddələrlə təmin edir.
  • Güclü immun müdafiə yaradır.
  • Ana südündə ağ qan hüceyrələri və immunoqlobulinlər (xüsusən IgA) vardır. Bu maddələr körpəni infeksiyalardan qoruyur.
  • Ana südü ilə qidalanan körpələrdə allergiya, ishal, tənəffüs yolları infeksiyaları və qulaq iltihabı riski azalır.
  • Zəka və psixoloji inkişafı dəstəkləyir

Bu barədə Bizimyol.info xəbər portalına həkim-pediatr Şəhla Hacıyeva danışıb. Pediatr qeyd edib ki, tədqiqatlara ana südü ilə qidalanan uşaqlarda daha yüksək zehni inkişaf müşahidə olunduğunu göstərir.

“Döşlə qidalanma ana ilə körpə arasında emosional bağı gücləndirir – bu, uşağın gələcək sosial və emosional sabitliyi üçün vacibdir. Döşlə qidalandırma ana üçün də faydalıdır. Belə ki, ana süd verməklə öz sağlamlığını da qoruyur – süd vəzi, yumurtalıq və uşaqlıq xərçəngi riskini azaldır.

Pediatrın fikrincə, təbii qidalanma ekoloji baxımdan da sərfəlidir.

“Pulsuzdur, xüsusi hazırlıq və sterilizasiya tələb etmədiyi üçün həm ailə büdcəsinin idarə olunması,həm də rahatlıq üçün əlverişlidir. Ümumdünya Səhiyyə Təşkilatı tövsiyə edir ki, körpələr ilk 6 ay yalnız ana südü ilə qidalanmalıdır. Daha sonra əlavə qidalarla yanaşı, 2 yaşa qədər və daha uzun müddət ana südü verilməsi tövsiyə olunur.

Ana südü yalnız bir qida deyil. O, körpənin həyatının ilk müdafiəsi, ilk sevgisi, ilk toxunuşu, ilk peyvəndi və ilk emosional bağlanmasıdır. Sağlam uşaq – xoşbəxt ailənin, sabit cəmiyyətin və güclü gələcəyin əsas təməlidir. Araşdırmalar göstərir ki, ana südü ilə qidalanan uşaqlarda daha yüksək intellektual göstəricilər, güclü psixoloji stabillik, az xəstəlik, yaxşı qidalanma vərdişləri müşahidə olunur”-deyən həkim vurğulayıb ki, hər uşaq sağlam doğula bilər, amma sağlam böyüməsi bizim seçimlərimizdən asılıdır.

“Ana südünü seçin – sağlam gələcək üçün ilk və ən doğru addımı atın”- Şəhla Hacıyeva bildirib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »