Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədə 5,8 bal gücündə zəlzələ baş verib, ölən və xəsarət alanlar var
Türkiyədə 5,8 bal gücündə zəlzələ baş verib, ölən və xəsarət alanlar var

Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəsmi internet saytında yayımlanan məlumata əsasən, episentri Aralıq dənizi olan 5,8 bal gücündə yeraltı təkan qeydə alınıb. Zəlzələnin, Muğlanın Marmaris rayonundan 10,43 kilometr məsafədə və 67,91 kilometr dərinlikdə baş verdiyi müəyyən olunub.

Bizimyol.info "AA"ya istinadən xəbər verir ki, Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişiklikləri naziri Murat Kurum sosial media hesabında paylaşım edərək, Aralıq dənizində baş verən və əsasən Muğla olmaqla ətraf vilayətlərdə də hiss olunan 5,8 bal gücündəki zəlzələyə görə bütün vətəndaşlara "geçmiş olsun" arzularını çatdırıb.

Kurum: “Hazırda hər hansı mənfi vəziyyət yoxdur, lakin komandalarımız sahə araşdırmalarına başlayıb. Allah ölkəmizi və millətimizi bütün fəlakətlərdən qorusun”, - deyə bildirib.

AFAD-ın sosial media hesabından edilən paylaşımda: “Aralıq dənizi, Muğla Marmaris açığında saat 02:17-də baş verən və Muğla, Aydın, Dənizli, Manisa və İzmir vilayətlərində hiss olunan 5,8 bal gücündəki zəlzələdən sonra hal-hazırda hər hansı mənfi hal qeydə alınmamışdır. Sahə araşdırmaları davam edir. Zərər çəkmiş vətəndaşlarımıza "geçmiş olsun" diləklərimizi çatdırırıq",- deyə qeyd edilib.

Muğla valisi Akbıyık Anadolu Agentliyinə verdiyi açıqlamada zəlzələnin episentrinin Aralıq dənizi olduğunu, Marmarisə 10,43 km məsafədə və 67,91 km dərinlikdə qeydə alındığını bildirib.

Vali Akbıyık: “İndiyə qədər zəlzələdən 69 vətəndaşımız zərər görüb. 10 nəfər təcili yardım maşını ilə, 45 nəfər isə ayaqüstü müayinə üçün ümumilikdə 55 nəfər xəstəxanaya müraciət edib. 14 nəfər xəstəxanaya getməkdən imtina edərək yerində müalicə olunub. 1 xəstə stasionar müalicəyə qəbul olunub. 46 xəstənin təcili yardım bölməsində müayinəsi və müalicəsi davam edir. 8 nəfər isə evə buraxılıb. Fəthiyyə rayonumuzda zəlzələ zamanı panik atak keçirərək xəstəxanaya gətirilən 14 yaşlı bir övladımız isə edilən tibbi müdaxilələrə baxmayaraq, həyatını itirib”, - deyə qeyd edib.

Zəlzələdən sonra şəhərdə enerji təchizatı, infrastruktur, təbii qaz, içməli su və kanalizasiya sistemlərində ictimai həyatı təsir edən hər hansı mənfi vəziyyət yaşanmadığını bildirən vali, şəhərdə yerləşən binalarda dağılmanın qeydə alınmadığını deyib. Vali Akbıyık bölgədə araşdırmaların davam etdiyini də vurğulayıb.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »