Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan mətbuatı 150: Türkiyə Prezident Administrasiyasının müraciəti
Azərbaycan mətbuatı 150: Türkiyə Prezident Administrasiyasının müraciəti

Türkiyə Prezident Administrasiyasının Əlaqələr İdarəsinin rəhbəri Fahrettin Altun Azərbaycanın mətbuatının 150 illiyi ilə bağlı mətbuat nümayəndələrinə müraciət edib.

Bizimyol.info xəbər verir ki, Altunun müraciətində deyilir:

- Azərbaycan mətbuatının hörmətli nümayəndələri,

Xanımlar və cənablar,

Sizi ən səmimi duyğularımla, hörmət və ehtiramla salamlayıram.

Azərbaycan mətbuatının 150 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, qardaş Azərbaycan xalqını və mətbuat nümayəndələrini səmimi-qəlbdən təbrik edirəm.

Mətbuat – ictimaiyyətə doğru, obyektiv və dəqiq məlumat çatdıran, demokratiyanın əvəzolunmaz sütunlarından biridir. Bu istiqamətdə fəaliyyət göstərən mətbuat nümayəndələrini biz həqiqətin uca səsi olaraq görürük.

Azərbaycan mətbuatı 150 illik zəngin tarixi ilə yalnız xəbər verməklə kifayətlənməyib, eyni zamanda xalqın səsi, mədəni irsin daşıyıcısı və fikir azadlığının müdafiəçisi olmuşdur. Həqiqəti çatdırmağı özünə vəzifə bilən, ədalətli media mədəniyyətinin inkişafına töhfə verən, etik və jurnalist peşəkarlıq prinsiplərinə sadiq bütün mətbuat nümayəndələrini təbrik edirəm.

Dezinformasiyanın pik həddə çatdığı bir dövrdə, doğru məlumatı ictimaiyyətə çatdırmaq məsuliyyəti ilə hərəkət edən Azərbaycan mətbuatının həqiqət uğrunda mübarizəsinə verdiyi töhfədən məmnunluq duyuram.

Həsən bəy Zərdabinin 1875-ci ildə Azərbaycan dilində nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə başlanan Azərbaycan mətbuatının bu şərəfli yolu bu gün də böyük uğurla davam etməkdədir.

Xüsusilə İkinci Qarabağ Müharibəsi dövründə Azərbaycanın haqlı mövqeyini beynəlxalq ictimaiyyətə çatdırmaq, sistemli dezinformasiya cəhdlərini boşa çıxarmaq sahəsində göstərilən uğur üçün Azərbaycan mətbuatına təşəkkür edirəm. Haqlı davanızı ürəkdən müdafiə edərkən, eyni zamanda həqiqətin də carçısı oldunuz.

Biz də Türkiyə olaraq bu prosesdə həqiqət mübarizənizə əlimizdən gələn bütün səylə dəstək verdik. Beynəlxalq ictimaiyyətin yalan, qurma məzmun və dezinformasiyadan zəhərlənməsinin qarşısını almağa çalışdıq. Beləliklə, digər sahələrdə olduğu kimi, ünsiyyət və media sahəsində də Türkiyə-Azərbaycan birliyinin gücünü bir daha nümayiş etdirmiş olduq.

Qeyd etmək istərdim ki, ölkələrimiz arasında kommunikasiya və media sahəsində mövcud olan güclü tarixi bağlar və ortaq dəyərlər əsasında qurduğumuz əməkdaşlığın real sahədə əksini görməkdən məmnunuq.

Bakı-İstanbul arasında düz 150 il əvvəl başlanan mətbuat əməkdaşlığı, 10 dekabr 2020-ci il tarixində Cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti Cənab İlham Əliyevin iştirakı ilə imzalanmış “Türkiyə ilə Azərbaycan arasında Media Sahəsində Strateji Əməkdaşlığa dair Anlaşma Memorandumu” ilə zirvəyə çatdırılmışdır.

Türkiyə-Azərbaycan Media Platforması da kommunikasiya və media sahəsində Azərbaycanla əməkdaşlığın, eləcə də Türk dünyası ilə əlaqələrin inkişafı baxımından son dərəcə önəmlidir.

Türkiyə ilə Azərbaycan ortaq tarix, mədəniyyət, dil və kimlik üzərində qurulmuş müstəsna əlaqələrə malik iki dövlətdir. Əlaqələrimiz “Bir Millət, İki Dövlət” şüarı ilə yalnız ortaq mənafelərə deyil, ortaq gələcəyə yönəlmiş bir mahiyyət daşıyır.

Cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti Cənab İlham Əliyev qardaşlıq hüququ çərçivəsində, ən yüksək səviyyədə nümayiş etdirdikləri güclü iradə və əməkdaşlıq vizyonu ilə ortaq gələcək hədəfini addım-addım reallaşdırırlar.

Biz də bu hədəfin reallaşmasına kommunikasiya və media sahəsində əlaqələrimizi, əməkdaşlıqlarımızı daha da inkişaf etdirərək dəstək veririk və verməyə davam edəcəyik.

Bu duyğu və düşüncələrlə sözlərimə son verərkən, Azərbaycan mətbuatının 150 illiyi münasibətilə Naxçıvan, Qarabağ və Bakıda təşkil edilən tədbirlərdə iştirak edən dəyərli media nümayəndələrinə dərin hörmət və səmimi salamlarımı çatdırıram.

Azərbaycan mətbuatının dəyərli üzvlərini bir daha təbrik edir, sizə uğurlar, sağlamlıq və rifah arzulayıram.

Sizi Allaha tapşırıram.

Sağ olun, salamat qalın.

Son xəbərlər
Bütün xəbərlər »