“Azərbaycan Prezidenti İlham Əliyev bu yaxınlarda bəyan etdi ki, Mərkəzi Asiya, Cənubi Qafqaz və Xəzər vahid geosiyasi regiona çevrilir. O da qeyd olundu ki, region daha çox xarici amillərlə bağlı dəyişikliklərə məruz qalır”. Bu barədə Rusiyanın “Svobodnaya pressa” nəşri yazır. Nəşr yazır ki, İlham Əliyev Rusiyanın təsirinin zəifləməsindən danışaraq, bunu yeni xarici oyunçuların - ABŞ, Aİ, Türkiyə, Çin və Fars körfəzi ölkələrinin fəallığı ilə izah edib: “İlham Əliyev Bakının nümunəsindən istifadə edərək Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrinin “özləri üçün optimal məsafə saxlamaq və bundan faydalanaraq hamı ilə qarşılıqlı əlaqələr qurmaq” üçün tarixi fürsət qarşısında olduqlarını nümayiş etdirib. Eyni zamanda bildirilib ki, hər kəs üçün ən vacib olan “ən yaxın və ən prioritet dairə – Türk Dövlətləri Təşkilatında birləşmiş türk qrupu” olmalıdır. Əliyev bunu “qardaş birlik” kimi qiymətləndirir”-nəşr qeyd edir.
Rusiyanı narahat edən nədir?
Politoloq Nicat İsmayılov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycan ikinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda həmçinin Xəzər regionunda yeni siyasi-iqtisadi nizam yaradır: Bu beynəlxalq siyasi nizamin qurulmasına mühüm töhfələr vermiş olur. Xüsusilə, bu prosesi qardaş Türkiyə ilə kordinasiyalı şəkildə aparmaqla, paralel olaraq Türk dövlətlərinin birliyini gücləndirir. Artıq Qafqaz və Mərkəzi Asiya eyni regiona daxildir. Məhz, bunun təməlini Azərbaycan tərəfi qurub. Azərbaycan 30 il ərzində Cənubi Qafqazda işğala son qoyaraq Rusiyanın regionda təsir dairəsini kifayət qədər zəiflətdi”.
Nicat İsmayılov“Ermənistan əlindən çıxır. Azərbaycanla Rusiya strateji tərəfdaş kimi deyil, rəqib kimi davrandı. Rusiyanın sərt güc siyasəti öz əleyhinə işləyərək, regiondan getməli oldu. Nəticədə Türk birliyi və vahid region yaranmaqla ABŞ, Avropa İttifaqı və Çinin regionda ortaq maraqları kontekstində yeni bir siyasi-iqtisadi platforma yarandı. Çindən gələn yüklər regiondan keçərək orta dəhlizlə Avropaya daşınır. Göründüyü kimi, regional təhlükəsizlik sabit vəziyyətdədir və Türk dövlətlərinin ərazisindən keçir. Rusiya görür ki, Xəzər və Mərkəzi Asiya regionundan çıxır. Ona görə narahatdır”-deyən Nicat İsmayılov qeyd edib ki, yeni qüvvələr balansı yaranır və bu platformada Rusiya yoxdur, ona görə də Azərbaycanı hədəf seçirlər.
Politoloq hesab edir ki, Cənab prezident İlham Əliyevin Rusiya ilə dostluq və qarşılıqlı etimada əsaslanan siyasətinə Kremli tərəfindən müsbət siqnalla cavab verilmədi, Azərbaycana qarşı təzyiq siyasətinə əl atıldı: “Təyyarəmiz vuruldu. Bunun hələ istintaqla bağlı cavabını vermirlər. Göründüyü kimi, Rusiya özü yeni reallıqları düzgün qiymətləndirə bilmədi. Formalaşan vahid bir siyasi-iqtisadi məkandan təcrid edildi. Azərbaycan və Türkiyə Avrasiya materikinin Qərblə Şərqi birləşdirən bir nəqliyyat qovşağını təsis etdi. Bu, Azərbaycanın uğurlu siyasətinin tərkib hissəsidir. Əminliklə deyə bilərik ki, cənab prezident Azərbaycanı qlobal oyunçuya çevirib”.
İradə Cəlil, Bizimyol.info






