Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ŞKTC Prezidenti Ersin Tatar: “Rum rəhbərliyinin düşmənçilik siyasəti artıq bir terror aktına çevrilib”
ŞKTC Prezidenti Ersin Tatar: “Rum rəhbərliyinin düşmənçilik siyasəti artıq bir terror aktına çevrilib”

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar bildirib ki, Kipr Türk xalqı illərdir öz ayaqları üstündə durmaq, iqtisadi cəhətdən güclənmək və beynəlxalq aləmdə layiq olduğu yeri tutmaq üçün ciddi mübarizə aparır. Lakin nə zaman bu yolda irəliləyiş əldə olunsa, Rum rəhbərliyi dərhal sistematik hücumlarla Kipr Türk xalqını hədəfə alır.

Bizimyol.info xəbər verir ki, Tatar bu hücumların artıq iqtisadi və siyasi təzyiq çərçivəsini aşaraq, beynəlxalq hüququ tanımayan mahiyyəti ilə açıq şəkildə bir terror aktına çevrildiyini bildirib.

Prezident Ersin Tatar qeyd edib ki, bu təzyiqlər xüsusilə 2004-cü ildə Annan Planına Kipr Türklərinin “bəli”, Rumların isə “xeyr” cavabı verməsindən sonra daha da intensivləşib. “Xalqımız beynəlxalq ictimaiyyətdən ədalətli münasibət gözləyirdi, lakin bu gözləntilər cavabsız qaldı. Verilən vədlər yerinə yetirilmədi və haqsız izolasiya bu günə qədər davam etdi”, – deyə o bildirib.

Ersin Tatar vurğulayıb ki, Rum rəhbərliyi guya sülh və həll axtarışında olduğunu göstərməyə çalışsa da, əslində mülkiyyət məsələsini bir təzyiq vasitəsinə çevirərək, Kipr Türklərinə qarşı təzyiq siyasəti yürüdür. Bu siyasət 1960-cı ildə ortaq dövlət quruluşunu silah gücü ilə ələ keçirən zehniyyətin bu günə uzanan davamıdır.

Prezident Tatar xatırladıb ki, 1963-cü ildə Rumlar Kipr Cümhuriyyətinin quruluş prinsipini birtərəfli şəkildə dəyişdirdikdən sonra, Kipr Türkləri dövlət idarəsindən zorla kənarlaşdırılıb, iqtisadi mühasirəyə alınıb və minlərlə ailə mülklərindən məhrum edilib. “O dövrdə kəndlər boşaldıldı, xalqımız sıxışdırıldı və beynəlxalq ictimaiyyət susdu. Bu gün yaşananlar həmin zehniyyətin davamıdır”, – deyə o qeyd edib.

Prezident Tatar, 2005-ci ildə qurulan Daşınmaz Əmlak Komissiyasının (DƏK) Kiprdəki mülkiyyət mübahisələrinin qanuni və effektiv həlli üçün əsas mexanizm olduğunu bildirib. O deyib ki, DƏK-in təqdim etdiyi üç əsas həll yolu — təzminat, mübadilə və təhvil vermək — AİHM tərəfindən də tanınıb.

AİHM-in 2010-cu ildə verdiyi Demopoulos qərarı ilə DƏK-in hüquqi və beynəlxalq baxımdan qəbul edilən bir mexanizm olduğu rəsmi şəkildə təsdiq edilib. Həmin qərarda həm 1974-cü il sahiblərinin, həm də illərdir bu mülklərdə yaşayan insanların hüquqlarının qorunmalı olduğu vurğulanıb.

Prezident Tatar deyib ki, Rum rəhbərliyi AİHM-in bu açıq və bağlayıcı qərarlarına baxmayaraq, DƏK-in təqdim etdiyi hüquqi yolları tanımır. Əvəzində, mülkiyyət məsələlərini daxili qanunlara söykənərək siyasi təzyiq alətinə çevirir və hüquqi prosesi manipulyasiya edir. “Bu, Kipr Türk xalqını köşəyə sıxışdırmaq məqsədi daşıyan, hüququ və ədaləti pozan bir siyasətdir”, – deyə o bildirib.

Prezident bəyan edib ki, bu prosesdə daxildə bəzi çevrələrin Kipr Türk xalqının dövlətini və haqlarını müdafiə edənləri tənqid etməsi düşündürücüdür. “Rum rəhbərliyinin hüquq tanımayan siyasətlərini görməzdən gəlib, xalqımızın hüquqlarını müdafiə edənləri hədəfə alanlar, təslimçi düşüncəyə xidmət edirlər,” – deyə o əlavə edib.

Prezident Tatar, müzakirə masasına dönməyi yeganə çıxış yolu hesab edən və Kipr Türk xalqının hüquqlarını müdafiə edənləri hədəf alan yanaşmaların, əslində Rum tərəfinin mövqeyini gücləndirdiyini bildirib. “Bu siyasətlər xalqımıza zərərdən başqa bir şey gətirməz”, – deyə o vurğulayıb.

Prezident Tatar açıqlamasını: “Rum rəhbərliyinin hüququ tanımayan, təzyiq və qorxutma siyasətlərinə qarşı mübarizəmizi qətiyyətlə davam etdirəcəyik. Beynəlxalq hüququ pozanlara, xalqımızın hüquqlarını qəsb etməyə çalışanlara qarşı prinsipial və strateji mövqeyimizi qoruyacağıq.

Kipr Türk xalqının iradəsi satıla bilməz. Suverenliyimizi, mülkiyyət haqlarımızı və iqtisadi maraqlarımızı bütün platformalarda qorumaqda davam edəcəyik. Necə ki, bu torpaqlarda varlıq mübarizəmizdə geri çəkilmədik, bu gün də eyni əzm və iradə ilə haqqımızı müdafiə edəcəyik.

Kipr Türk xalqı bu haqlı mübarizəsində heç vaxt tək qalmayacaq!”, - deyə tamamlayıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »