20 Yanvar" metrostansiyası və "Moskva" prospekti istiqamətində ötən günlərdə sürücü və piyadaların rahat hərəkətinin təmini üçün bir sıra yeniliklər edilsə də, axşam saatlarında ərazidəki tıxac gərginliyini hələ də azalda bilməyib.
"Moskva" prospekti və ya "Şamaxinka" adlanan ərazidən üzü "20 Yanvar" istiqamətinə gedən yolda avtobus zolağı salınıb və gündüzlər əvvəlki günlərə nisbətən daha az tıxac müşahidə olunur. Lakin yolun əks istiqamətinə - "Moskva" prospektinə tərəf hərəkət edən fərdi avtomobillər və ictimai nəqliyyat vasitələri yenə əvvəlki şəkildə tıxaca düşərək, saatlarla yolda qalırlar. Həmin tıxac "20 Yanvar" ərazisindən Biləcəri dairəsinədək uzanır. "Şamaxinka"dan Biləcəri dairəsinə doğru hərəkət edən ictimai nəqliyyat vasitələrinin tıxaca düşməsinə və gecikməsinə səbəb olan problemlərdən biri ərazidəki yerüstü piyada keçidinin altında - avtobus dayanacaqları yaxınlığında park edilmiş rayon taksiləridir. Bu taksilər üçün xüsusi parklanma ərazisi ayrılmadığından, onlar yenə də işlək avtomobil yollarının bir hissəsini zəbt edirlər. Bununla onsuz da yetərli genişlikdə olmayan avtomobil yolu bir qədər də daralır və axşam saatlarında ciddi tıxaca səbəb olur.

Tıxaca səbəb olan səbəblərdən ikincisi də, "Şamaxinka"dakı yeraltı avtomobil tunelinin üzərindəki boş ərazidir. Hansı ki, bu boş ərazinin genişliyi sağ və sol avtomobil yollarının genişliyindən daha çoxdur. Altı tunel olan bu yolun üzərində heç bir ticarət, yaşayış və ya istirahət məkanı yoxdur. Eləcə boş ərazi olaraq illərdir qalır. Bu ərazinin avtomobil yoluna açılması, yaxud piyadaların istifadəsinə verilməsi, ya da ərazidə avtomobillərin rahat manevri üçün hər hansı dairəvi yol yoxdur. Geniş ərazinin uzun zamandır boş qalması və ətrafındakı dar avtomobil yolları "Şamaxinka" və "20 Yanvar" ərazilərində ciddi tıxaca səbəb olan əsas səbəblərdən biri kimi görünür.
Mətin Şükürlü, Bizimyol.info