“Astana Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların aparılması üçün platforma rolunu oynamağa hazırdır”. Bu barədə bir neçə gün əvvəl Prezident İlham Əliyevlə telefon danışığı zamanı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib. Dövlət başçısı Azərbaycan üçün Astanada iki ölkə arasında bu danışıqların aparılması təklifinin məqbul olduğunu qeyd edib.
Milli Məclisin deputatı Azər Badamov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Qazaxıstan prezidenti dövlət başçımızla telefon danışığı zamanı ölkəsinin Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi üzrə müzakirələrin aparılması üçün platforma rolunu oynamağa hazır olduğunu bildirib: “Bu, Qazaxıstanın ikinci belə təklifidir. Çünki, birinci təklifinə uyğun olaraq XİN rəhbərlərinin Astanada görüşü təşkil olunmuşdu. Yenə də Qazaxıstanda Ermənistanla Azərbaycan arasında sülh danışıqları davam etdirilə bilər. Amma qeyd etməliyik ki, bu məsələ ilə bağlı müxtəlif ölkələrdən təşəbbüs göstərilmişdir. Azərbaycan sülh danışıqları ilə bağlı platformanı təklif edən tərəflərə təşəkkürünü bildirir. Ölkəmiz sülh üçün uyğun və tərəfsiz heç bir platformadan imtina etmədiyimiz qeyd edilir”.
Azər BadamovDeputat eyni zamanda ikitərəfli birbaşa danışıqlar müstəvisində daha yaxşı nəticələrin əldə olunduğunu da qeyd edib. Azər Badamov bildirib ki, məhz Azərbaycanla Ermənistan arasında tərəfsiz iki ölkənin sərhəddində aparılan görüşlər sayəsində sülh müqaviləsinin imzalanması ilə bağlı müqavilənin 80%-i razılaşdırılıb. Həm də 4 kəndin qaytarılması və sərhədlərin delimitasiyası prosesinə başlanılması da Ermənistanla aparılan birbaşa danışıqların uğurudur.
Azər Badamov hesab edir ki, iki ölkə arasında birbaşa danışıqların aparılmasının davam etdirilməsi regiona sülhün gəlişini sürətləndirəcək.
“Ermənistan son vaxtlar süni şəkildə sülh müqaviləsini manipulyasiya edir. Hətta dünən İrəvanda keçirilən diplomatik forumda Paşinyan sülh müqaviləsini manipulyasiya edən bir sıra açıqlamalarla çıxış etmişdi. Bütün bunlar onu deməyə imkan verir ki, Paşinyan sülh müqaviləsinin imzalanması üçün əsas tələbimiz olan Konstitusiyasında ölkəmizə qarşı olan ərazi iddialarından rəsmi şəkildə əl çəkilməsi məsələsini icra etməyinə hələ də hazır deyil”-deyən Azər Badamovun fikrincə, Ermənistan bu addımı atmayınca iki ölkə arasında sülh müqaviləsinin imzalanmasını mümkün olmayacaq.
İradə Cəlil, Bizimyol.info






