Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İslandiyada 6-cı vulkan püskürüb - Bölgədə fövqəladə vəziyyət elan edilib
İslandiyada 6-cı vulkan püskürüb - Bölgədə fövqəladə vəziyyət elan edilib

Dünən axşam saat 21.30 radələrində İslandiyanın cənub-qərbindəki Reykjanes yarımadasındakı vulkan lava püskürməyə başlayıb. Bölgədə 6-cı vulkan püskürməsi ilə əlaqədar fövqəladə vəziyyət elan edilib. Bölgədə baş verən inanılmaz görüntüləri yerli əhali və turistlər bütün xəbərdarlıqlara baxmayaraq partlayışları sanki film izləyirmiş kimi izləyiblər.

Bizimyol.info xəbər verir ki, İslandiya yerli mediası dünən saat 20.30 radələrində Reykjanes yarımadasında güclü təkan hiss edildiyini, saat 21.30 radələrində Qrindavik şəhəri yaxınlığında partlayışın baş verdiyini yazıb.

İslandiya Meteorologiya İdarəsi (İMİ) da ölkənin cənub-qərbində bir vulkanın isti lava püskürdüyünü təsdiqləyib. Bu, dekabr ayından bəri ölkədə baş verən altıncı partlayışdır. Səlahiyyətlilər partlayışın bölgədə davam edən seysmik aktivlik və quyularda təzyiq dəyişiklikləri səbəbindən bir neçə həftədir gözlənildiyini açıqlayıb.

Bildirilir ki, İMİ-nun məlumatına görə, vulkan partlayışı nəticəsində açılan çatın uzunluğu 40 dəqiqə ərzində 3,9 kilometrə çatıb. Vulkan püskürmədən əvvəl baş verən zəlzələnin maqnitudası 4.0 olaraq qeydə alınıb.

"Fövqəladə vəziyyət" elan edildiyini bildirən səlahiyyətlilər, fövqəladə hallar qruplarının sahəyə göndərildiyini vurğulayaraq yerli sakinlərdən həm özlərinin, həm də qrupların təhlükəsizliyi üçün partlayış yerindən uzaq durmalarını xahiş ediblər.

İslandiya hava limanında davam edən partlayışa baxmayaraq uçuşların davam etdiyi açıqlanıb. Yerli media və sosial mediada əks olunan görüntülərdə vulkandan qaynar lava fışqırması və havaya yüksələn nəhəng tüstü buludu görülüb. Beynəlxalq agentliklərin çəkdiyi görüntülərdə apokaliptik filmləri xatırladan kadrlar ortaya çıxıb. Bütün xəbərdarlıqlara baxmayaraq, bölgədəki yerli əhali və turistlər partlayışları uzaqdan izləməyə çalışıblar.

İslandiya "orta Atlantik silsiləsində" yerləşir. Yəni Şimali Amerika və Avrasiya tektonik plitələrinin ayrıldığı yerdir. Bu lövhələr bir-birindən yavaş-yavaş ayrılmağa davam etdikcə, yer qabığının altındakı maqma da səthə qalxır. Bu, buranı zəlzələ və vulkan bölgəsinə çevirir. İslandiyada 33 aktiv vulkan sistemi var. Ümumi əhalinin təxminən 8 faizini təşkil edən 30.000 insanın yaşadığı Reykjanes yarımadasında ən son püskürmə 24 gün ərzində lava püskürdükdən sonra iyunun 22-də başa çatıb.

Reykjanes körfəzində sonuncu vulkanik fəaliyyət 800 il əvvəl baş verib və araşdırmalar onun onilliklər ərzində davam etdiyini göstərib. Bölgədə 2021-ci ildən bəri vulkan püskürmələri davam etsə də, mütəxəssislər yeni vulkanik dövrün əsrlərlə davam edə biləcəyini düşünürlər.

Eyjafjallajokull vulkanı 2010-cu ilin aprelində İslandiyada püskürüb. Partlayış yaydığı kül buludu səbəbindən Avropada geniş bir ərazidə hava məkanının bağlanmasına səbəb olub. İkinci Dünya Müharibəsindən sonra qitədə belə bir qapanmanın görülmədiyi açıqlanıb. Həmin vaxt vulkan püskürməsinin İslandiyaya ən azı 1,5 milyard avroya başa gəldiyi təxmin edilirdi.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »