Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Şəhidə, onun ailəsinə dəyər verildiyini görəndə ürəkdən "Vətən sağ olsun" deyə bilirsən" - Video
"Şəhidə, onun ailəsinə dəyər verildiyini görəndə ürəkdən "Vətən sağ olsun" deyə bilirsən" - Video

Şəhid kapitan Həmid Həmidli Beyləqanın Milabad kəndindəndir. 44 günlük müharibədə böyük şücaət göstərən Həmid Həmidli 2023-cü il 1 günlük lokal antiterror əməliyyatında şəhid olub. Bu gün onun valideynlərinin təsəllisi dövlətin, xalqın övladına verdiyi dəyərdir. Həmid Həmidlinin ailəsi övladlarına Azərbaycanın Milli Qəhrəmanı adı verilməsini çox arzulayır. Deyirlər ki, “bəlkə o zaman yaraları bir az qaysaq bağlayar”…

Ötən günlərdə Bizimyol.info xəbər portalının əməkdaşları Beyləqan rayonunun Milabad kəndində olub, şəhidin ailəsi ilə görüşüblər.

“Həmid üçün oxumaq ən önəmlisi idi. Bacısı bir az zəif oxuyurdu, Həmid qəşəng oxuyurdu. Həmid deyirdi ki, “bu qız oxumayacaq, bizi biabır edəcək”. Yəni Həmid üçün oxumaq bir başqa idi”.

Şəhid Həmid Həmidlinin anası Könül xanım / Foto: İradə Cəlil, Bizimyol.info Şəhid Həmid Həmidlinin anası Könül xanım / Foto: İradə Cəlil, Bizimyol.info

Bu barədə Bizimyol.info xəbər portalına şəhid kapitan Həmid Həmidlinin anası Könül xanım Həmid haqqında xatirələrini danışarkən qeyd edib. Könül xanım bildirib ki, Həmid 27 yaşına bir ömür sığdırıb.

“Elə bir ömür sığdırdı ki... Yəqin siz də gördünüz, Gəncədən belə gəlmişdilər, Bakıdan belə onun adına gəlmişdilər. Gəncəlilər Həmidə şeir yazıblar, musiqi bəstələyiblər: “şəhidim Həmidim”. Bu mahnı respublikada şəhidlər üçün yazılan mahnıların içərisində birinci yerə çıxıb”-deyə Könül xanım bildirib.

Könül xanım deyir ki, heç bir zaman insanlardan umacağı olmayıb.

“Yanımızda olmaq, başqa bir qürur verici bir hissdir. Yəni dəyər verirlər, o zaman adamın az da olsa içində bir rahatçılıq olur, bir xoş təəssürat bağışlayır adama.

Oğul da var, qız da var nəvə də var. Mənə elə gəlir ki, çox insanlar gəncliyinin necə keçdiyinin, uşaqlarını necə böyütdüyünün fərqində olmurlar. Onlar uşaqlığını doya-doya yaşaya bilmirlər. Sonra nəvələr olanda, sanki qayıdırsan o günlərə, o illərə. Bilmirsən onu övladının yerinə qoyasan, bilmirsən nəvənin yerinə qoyasan. Başlayırsan onunla həmin günlərin acısını, dadını çıxara-çıxara yaşamağa. Əslində gerçək olan bu imiş ki, hərşeyin öz yeri var, amma övlad başqa imiş. “Nəvə baldan şirindir” fikrini mən qəbul eləmədim”-deyə Könül ana bildirib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »