İlon Maska məxsus "X" sosial media platformasının Kaliforniya ştatının San-Fransisko şəhərindəki baş ofisinin bağlanacağı açıqlanıb.
Bizimyol.info xəbər verir ki, "New York Times" qəzeti "X" şirkətinin baş direktoru Linda Yakkarinonun əməkdaşlarına göndərdiyi elektron məktubu əldə edib.
Müvafiq olaraq, e-poçtda Yakkarino, əvvəllər "Twitter" kimi tanınan "X"in San Fransisko qərargahının yaxın həftələrdə bağlanacağını açıqlayıb. İşçilərin San Xosedəki mövcud ofislərə köçəcəyini ifadə edən Yakkarino, Palo Alto bölgəsində mühəndisliklə məşğul olacaq bir ofis açılacağını və bunun Maskın süni intellekt şirkəti "xAI" ilə paylaşılacağını da qeyd edib.
İlon Mask iyul ayında "SpaceX" və "X" şirkətlərinin qərargahını Kaliforniyadan Texasa köçürəcəyini açıqlamışdı. Maskın qərarı Kaliforniya qubernatoru Gavin Nevsomun ştatdakı müəllimlərə uşağın icazəsi olmadan gender oriyentasiyası məlumatlarını valideynlərlə paylaşmağı qadağan edən qanunu imzaladıqdan sonra verilib.
Bu və bir çox əvvəlki qanunların həm ailələri, həm də şirkətləri təhdid etdiyini izah edən Musk, daha əvvəl Nevsoma bu cür qanunların uşaqlarını qorumaq istəyən ailələri və şirkətləri Kaliforniyanı tərk etməyə məcbur edəcəyini bildirdiyini deyib.
Qadir, Bizimyol.info






