Zorən diplomatdır, indi də deputat olmaq istəyir. Söhbət Polad Bülbüloğludan gedir. O, 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsindən namizədliyini verib. Dairənin adı, Zamin Hacı demişkən, "avtobus marşrutuna oxşayır".
Avtobus demişkən, "avtobus müxalifəti"çilərindən Azad Vətən Partiyasının sədri Akif Nağı da bu dairəyə iddiaçıdır. Eyni zamanda Polad Bülbüloğlunun rəqiblərindən biri dünya şöhrətli alim, cərrah, əslən Tuğ kəndindən olan tibb elmləri doktoru, professor Mübariz Əliyevdir. Hakim Yeni Azərbaycan Partiyası bu dairədən partiyanın Şuşa rayon təşkilatının sədr müavini Leyla Babışovanın namizədliyini verib. Yəni faktik olaraq namizəd verməyib. YAP-ın bu dairəni "boş" buraxması da, Polad Bülbüloğlunun isə Rusiyada səfir ola-ola deputat olmaq istəməsi də təsadüfi deyil. Görünür ki, bu yer məhz 79 yaşlı bəstəkar-müğənni üçün "bron" edilib. Bu, ya onun öz istəyidir, ya da belə "məsləhət" bilinib.
Əslində bu, Polad müəllimin birinci deputatlığı da deyil. O, 1995-ci ildə Şuşa-Cəbrayıl-Xocavənd seçki dairəsindən deputat olub. Bu dəfə, sadəcə, Cəbrayılı Ağdamla əvəz ediblər. İşğalda olan Şuşanın keçmiş deputatı, işğaldan azad Şuşanın gələcək deputatıdır.
Polad Bülbüloğlu 18 il Azərbaycanın mədəniyyət naziri olub. Bu, kifayət qədər uzun müddətdir. Eləcə də, Türksoyun sədri olub. Şuşa da Türk dünyasının mədəniyyət paytaxtı elan edilib. Həm də Polad Bülbüloğlu əslən Şuşalıdır. Görünür, bütün bunlara görə, Şuşanı Milli Məclisdə təmsil etmək üçün o məsləhət bilinib. Həm də 18 ildir ki, Azərbaycanın Rusiyadakı səfiridir. Adam nə qədər səfir olar. İndi də bir az deputat olması lazımdır.
Rusiyada yaşayan azərbaycanlılar səfir kimi Polad Bülbüloğludan yarımamışdılar. Narazılıq çox idi. Hətta konsulluqda sənəd üçün soydaşlarımız yay-qış küçədə növbəyə düzülürdülər. Saatlarla gözləyən bu adamların təbii ehtiyaclarını ödəməsi üçün də şərait yaradılmamışdı. Bu haqda çox illər əvvəl Bizimyol.info olaraq yazmışdıq. Bəlkə də tənqiddən nəticə çıxarıblar. Belə bir səfir Qarabağın seçicilərinə necə deputat olacaq?! Bunu keçmiş artıq göstərib, bir də görək, gələcək nə göstərəcək.
İradə Cəlil, Bizimyol.info






