Kişi həyat yoldaşını 8-ci mərtəbədən atdıqdan sonra onun yanına gəlib və “sən hələ ölməmisən” deyə soruşub... Qardaş qardaşını hamam otağında qətlə yetirib... Oğul ailənin 5 üzvünü baltalayıb... Qardaş bacısını qətlə yetirib... Nə olub bizə, nə baş verir? Nə zaman biz qan bağımız olan insanlara qarşı bu qədər qəddar olmağı bacardıq? Nə zaman biz qatilə, cinayətkara çevrildik?
Psixoloq Rafiq Allahverdiyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, son dövrlər ölkədə, xüsusilə də paytaxt ərazisində tez-tez xüsusi amansızlıqla, vəhşicəsinə qətl hadisələrinin baş verməsi, doğmaların bir-birinə qarşı, öz övladına qarşı davranışları, onları qətlə yetirməsi arzuolunan və gözlənilən bir hal deyil. Son dövrlər insanların xüsusi amansızlıqla qətlə yetirmə hallarının artdığını müşahidə edirik.
Psixoloq Rafiq Allahverdiyev“Bu məsələnin sosial, ictimai, məişət tərəfi var. Eyni zamanda insanın şəxsi sağlamlıq xüsusiyyətlərindən irəli gələn hal ola bilər. Ən önəmli tərəf də psixoloji yanaşma tərəfidir. Bunları biz fərd qaydası ilə təhlil edə bilmərik də. Tutaq ki, Əhməd cinayət törətdi, bu şəxs belə idi. O birisi öz övladlarını qətlə yetirdi, o adam belə idi. Ümumi baş vermiş hadisələrin sosial ictimai münasibətlər zəminində psixoloji mahiyyətini araşdıranda diqqət edin ki, nəyə dayanır.
Deməli ilk növbədə təhsil səviyyəsinin aşağı düşməsi, ikinci insanlarda fərdi xüsusiyyətlərin “mən” anlamının üstünlük təşkil etməsi, yəni “mənə rahatdır”, “mən belə istəyirəm” və s. mən duyğunun üstünlük təşkil etməsi, üçüncü ictimai normalara dəyər verilməməsi, yəni “mən bunu etmək istəyirəm, amma ayıbdır”, “mən bunu etmək istəyirəm, amma cəmiyyət, ağsaqqallar, qohum-əqraba mənə nə deyər”kimi hisslərin itməsi və ən qorxulu tərəf də insanlarda ümid, inam hissinin zəifləməsidir. İnsanlar sosial vərdişlərdən, sosial bacarıqlardan, imkanlardan və intelekt səviyyələrindən "fərqli" həyat tərzi yaşayanda, tutaq ki, əmək haqqı 500 manat olan bir şəxs 2000 manatlıq kreditə telefon götürür. Belə olduğu təqdirdə, öhdəliyində olan ehtiyaclarını qarşılaya bilmir. Ehtiyaclarını qarşılaya bilməmək insanlarda inamsızlıq və ümidsizlik hissini gücləndirir. İnamsızlıq və ümidsizlik hissi sonradan insanın mənsub olduğu ailəsi, valideyni, xanımı, qonşuları, iş yoldaşları tərəfindən qınaq obyektinə çevrildiyi zaman, məsələn “sən necə atasan?”, “sən nə cür kişisən?”, “sən evini saxlaya bilmirsən”, “mən belə istəyirdim, amma sən məni maddi və mənəvi təmin edə bilmirsən” fikirləri ilə qarşılaşdığı zaman bu insanlarda eqoistlik hissindən əmələ gələn zorakı münasibət formalaşdırır”-deyən psixoloq bildirib ki, eqoistlik psixologiyası, mütəmadi eqoistlik insanlarda qatilə çevrilmə psixologiyası yaradır.
“Eqoist münasibətlər insanları zəruri şərait yaranarsa qatilə çevirir. Eqoist və zorakı münasibətlər insanın üzərində zorakılıq, yəni “sən bunu məcbur etməlisən”, “sən bunu niyə edə bilmirsən?”, “sən hamı kimi yaşaya bilmirsən”, “sən məcbursan döyüşməyə, dırnağın ilə parçalayıb nəsə qazanmağa, ailəni dolandırmağa, özünü müdafiə etməyə, ailəni qorumağa” fikirləri quldurluq və soyğunçuluqdan möhkəmlənən qətl hadisələrinin baş verməsinə səbəb olur. İnsanın özündən asılı olmayaraq, düşdüyü bir çətin şəraitdə dərhal qətlə yetirmək psixologiyası əmələ gəlir”-deyə Rafiq Allahverdiyev qeyd edib.
Psixoloqun fikrincə, bu gün bizim cəmiyyətimizdə sadalanan bu halların hamısı zəncirvari olaraq, bir-biri ilə bağlı haldadır. Cərəyan edir və bu tədricən də möhkəmlənir. Nəticədə artıq nümunəyə çevrilib.
“Filankəs orda filankəsi qətlə yetirdi. Sosial şəbəkələrdə, televiziyada, qonşular arasında, tanışlar arasında bu cür informasiya yayılır. Sanki bu insanların beyninə təlqin olunur. Filankəs oğlunu öldürdü, arvadını öldürdü, qızını öldürdü, balta götürdü atdı”-deyən psixoloq bildirib ki, bunun nəticəsində insan psixikasında atribusiya yaranır.
İradə Cəlil, Bizimyol.info






