İyun ayının 15-dən dəniz mövsümü başlayıb. Bu müddət ərzində bilinən 30 boğulma faktı qeydə alınıb. Onlardan 13 nəfər dünyasını dəyişib. Mütəxəssislərin fikrincə, insan bədəni kifayət qədər nəfəs alarsa, sıxlıq fərqinə görə suda batmaz. Lakin insan suyu udduğu vaxt onun sıxlığı artır və bu da insanın suda qalmasını mümkünsüz edir. Xüsusilə də bu vəziyyətdən ağciyərlər də təsirləndiyi üçün adam nəfəs ala bilmir, huşunu itirir. Daha sonra daha da dibə çökür və boğulma təhlükəsi ilə üzləşir.
Dünyada hər saat 40 nəfərin ölümünə səbəb olan suda boğulmanın bir çox səbəbi var. Üzməyi bilməmək, riskli davranışlar sərgiləmək, alkoqollu içkilər və narkotik vasitələrin istifadəsi, xəbərdarlıqlara məhəl qoymamaq, qorxu və həyəcan, yetərsiz valideyn nəzarəti, travma, insult, spazm və s. digər səbəblər boğulmağa səbəb olur.
Boğulma zamanı boğulan şəxs şanslıdırsa və dənizdən çıxarılırsa, o zaman ilkin müdaxilə çox önəmlidir.
Əvvəllər dalğıc işləmiş Zaur Rəhmanov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, insan ilk yardımla sağ qala bilsə də, səhv və ya gecikmiş müdaxilə ilə ölüm də baş verə bilər.
“Xilasedici üzməyi çox yaxşı bilmirsə, batan şəxsi üzərək çölə çıxarmaq təhlükəli ola bilər. Çünki bu, daşımada çətinlik yarada bilər və həmçinin xilasedicinin boğulmasına səbəb ola bilər.
Batan şəxs sudan çıxarıldıqdan sonra, nəfəs alması, nəbzi və onurğasının zədələnməsi yoxlanılır. Ona süni tənəffüs verilir. Nəfəs verdikdən sonra da davam edə bilməsi üçün ağzı açıq saxlanılır. Daha sonra insanın sinəsinə basılaraq ürək masajı edilir. Müdaxilə 5 süni tənəffüs və 30 ürək masajı ilə davam etdirilir. Bu şəkildə mədə və tənəffüs yollarında olan su boşaldılır.
Üzməyi bilməyən insanlar üzməməli və boyundan dərin yerlərə getməməlidirlər”-deyən Zaur Rəhmanov qeyd edib ki, dənizdə və çaylarda görünən və ya görünməyən axınlar var. Bu axınlar insanı sürükləyə və dibə çəkə bilər. Bu səbəbdən küləkli və dalğalı dənizlərdə üzmək tövsiyə olunmur.
“İnsan özünü xilas etmək üçün axına qarşı üzməyə çalışdığı zaman yorulur, hərəkət edə bilmir və suyu udmağa başlayır. Üzərkən qorxmamaq lazımdır. Qorxu və panika halında insan düzgün nəfəs ala bilmədiyi üçün su udması qaçınılmazdır. İstənilən vəziyyətdə insan sakit olmalı və suda qalmağa çalışmalıdır”-deyən dalğıcın sözlərinə görə, epilepsiya, infarkt və astma kimi xroniki xəstəlikləri olan insanlar üzərkən çox uzağa getməməli, təhlükə yaradan hərəkətlər etməməli və diqqətli olmalıdırlar.
Suda təhlükəli hərəkətlər və zarafatlar edilməməlidir. Dərinliyi bilinməyən yerlərdə suya tullanmaq təhlükəlidir.
Zaur Rəhmanov vurğulayıb ki, uşaqlar üzməyi bilsələr də, hər hansı problem qarşısında panikaya düşə bilərlər. Bu səbbədən də uşaqlar dənizdə nəzarətsiz buraxılmamalıdır.
“Suyun qaldırıcı qüvvəsi 1 vahiddir. İnsanın xüsusi çəkisi 0,99-dur. Suyun qaldırıcı qüvvəsi ilə insanın çəkisi arasındakı fərq sayəsində suya batmırıq. Amma müvazinəti saxlaya bilməyib suyu udanda insan bata bilir”-deyə dalğıc əlavə edib.
Zaur Rəhmanovun fikrincə, özünə güvənmək önəmli olsa da, dəniz üçün bu keçərli deyil. Bəzən dəniz ən peşəkar üzgüçünü belə batıra bilir.
İradə Cəlil, Bizimyol.info






