"İkinci Qarabağ müharibəsində ölkəmizin əldə etdiyi qələbədən sonra dövlətimiz xarici siyasətində böyük uğurlar əldə edilib. 2020-ci ilə kimi xarici siyasətimizin əsasını torpaqlarımızın Ermənistan tərəfindən işğal edilməsi faktının dünya ictimaiyyətinə çatdırmaq və bu münaqişəyə beynəlxalq hüququn prinsiplərinin tətbiq edilməsinə nail olmaq idisə, qələbədən sonra müharibədə əldə olunmuş qələbənin nəticələrini siyasi müstəvidə rəsmiləşdirmək, regionumuzda və dünyada yaranan yeni siyasi vəziyyətdən istifadə edərək beynəlxalq aktora çevrilmək oldu".
Bu barədə Bizimyol.info xəbər portalına “Ana Vətən” partiyasının sədr müavini, politoloq Yalçın Hacızadə danışıb. Politoloq qeyd edib ki, qələbədən dərhal sonra regionumuzda sülhün təmin edilməsi üçün Ermənistana 5 prinsipdən ibarət sülh planı təklif edildi.
Yalçın Hacızadə“Ermənistan və regionda yeni reallıqları qəbul etmək istəməyən bəzi ölkələr sülh müzakirələrini müxtəlif istiqamətə çəkmək istədilər, qələbəmizin möhkəmlənməsinə və onun siyasi müstəvidədə əks olunmasına qarşı müxtəlif yollarla təsir göstərməyə çalışdılar. Demək olar ki, həmin qüvvələr dövlətimizin siyasi iradəsi ilə zərərsizləşdirildi və nəticədə keçən ilin sonunda sülh danışıqları bizim istədiyimiz çərçivədə, yəni ikili, heç bir vasitəçi olmadan davam edir. İndi Azərbaycan-Ermənistan danışıqları və ya müzakirələrində əsas 3 istiqamət var – “dövlət sərhədlərinin müəyyən olunması”, “böyük sülh razılaşmasının əldə olunması” və “iqtisadi, nəqliyyat – kommunikasiya əlaqələrinin” qurulması. Dövlət sərhədlərinin müəyyən olunması, delimitasiya və demarkasiya prosesi zəif də olsa gedir. Bu zamana kimi 12 km-dan artıq sərhədlərin müəyyən olunduğu bildirilir. Burda hələlik Alma-ata razılaşması əsas götürülür. Hesab edirəm ki, gələcəkdə burda başqa şərtlər də əsas götürülə bilər.
Böyük sülh razılaşması ilə bağlı (ikinci istiqamət üzrə) sonuncu təklifi Azərbaycan qarşı tərəfə göndərib və dövlət başçısı səviyyəsində bildirilib ki, “sülh razılaşmasının bağlanması üçün əsas şərt Ermənistanın Konstitusiyasında və bəzi qanunvericilik aktlarında ölkəmizə qarşı ərazi tələblərinin çıxarılmasıdır”. Prezident İlham Əliyev bir neçə dəfə açıq şəkildə bildirdi ki, əgər Ermənistanın konstitusiyasında dövlətimizin suverenliyinə təhdid ünsürü daşıyan hissələr dəyişdirilməsə, sülh razılaşması olmayacaq. Bu da o deməkdir ki, dövlətimizin məqsədi Ermənistanla kağız üzərində sülh razılaşmasına nail olmaq deyil. Əsas faktlara, mövcud vəziyyətə söykənən, gələcəkdə Ermənistanda baş verə biləcək dəyişikliklərə və ya Ermənistanı alət kimi istifadə edən ölkələrin təsirinə məruz qalmayacaq bir sülh sisteminin yaradılmasıdır. Ermənistanda Azərbaycana qarşı torpaq iddialarının əsas iki kökü var; - birincisi, saxta və yalanlara söykənən “böyük” və “qədim” erməni tarixidir. Onun düzəldilməsi, xəstə erməni təfəkkürünün reabilitasiyası ilə Paşinyan özü də müəyyən qədər məşğul olur. O, erməni cəmiyyətinə çatdırmaq istəyir ki, “böyük, qədim” tarixi buraxıb, real Ermənistan haqqında düşünməliyik, əks halda saxta təfəkkürə söykənən tələblərimiz bizi məhvə aparacaq. İkincisi də Ermənistan Konstitusiyası və qanunlarıdır. Yəni Ermənistan Konstitusiyasında açıq şəkildə Azərbaycan və qardaş Türkiyəyə qarşı torpaq iddialarının, təhdidlərinin qaldığı müddətdə sülh razılaşmasının əldə olunması mümkün deyil. Hətta ölkəmiz üçün müharibə səbəbidir. Bizə qarşı kimsə öz qanunlarında torpaq iddiası göstərməsi bizim təhlükəsizliyimiz üçün açıq təhdidir. BMT Nizamnaməsinin 51-ci maddəsi bizə o, təhdidə qarşı tədbir görməyə, onu zərərsizləşdirməyə imkan verir. İqtisadi və nəqliyyat-kommunikasiya əlaqələrinin qurulması ilə bağlı istiqamət üzrə də dövlət başçımız bildirib ki, sülh razılaşması olmadan mümkün deyil. Yəni 3-cü məsələ də 2-cidən aslıdır”-deyə Yalçın Hacızadə bildirib.
Politoloq bildirib ki, işğaldan azad olunmuş ərazilərdə böyük bərpa və quruculuq işləri gedir, insanlar illərdir həsrət qaldıqları torpaqlara qayıdırlar.
“Əlbəttə, biz onları sonradan "dağıdılsın, məhv olsun, işlər, planlar yarıda qalsın" deyə etmirik. Biz də sülh razılaşmasının olmasını istəyirik. Bu da o demək deyil ki, Azərbaycan dövləti və diplomatiyası işini-gücünü buraxıb, bu məsələ ilə məşğul olur. Bizim siyasi gündəliyimizdə Ermənistanla sülh razılaşması bir neçənci yerdə duran məsələdir. Bu gün biz daha qlobal işlərlə məşğuluq. Əgər müharibəyə qədər xarici siyasətimizin əsasını erməni işğalını dünya ictimaiyyətinə çatdırmaq, öz ərazi bütövlüyümüzün, təhlükəsizliyimizin təmin olunmasına çalışmaq idisə, bu gün biz Cənubi Qafqazın, Orta Asiyanın iqtisadi və hərbi, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində qarantor ölkə kimi çıxış edirik. Azərbaycan şərq-qərb, şimal-cənub dəhlizinin qurulmasında, təhlükəsiz komunikasiyanın yaradılmasında böyük rola malikdir. 30 il bundan əvvəl Heydər Əliyev tərəfindən Azərbaycanın şaxələnmiş enerji siyasətinin əsası qoyulanda bunun perspektivini sual altına almaq istəyənlər, erməni lobbisinin təsiri ilə onun həyata keçməsinə və maliyyələşməsinə mane olan qüvvələr bizlə əməkdaşlıq etməkdə maraqlıdırlar”-deyən politoloq bildirib ki, indi həmin ölkələr bizi özlərinin enerji təhlükəsizliyinin əsas aktoru və ümid yeri olaraq görürlər.
İradə Cəlil, Bizimyol.info






