Bir neçə gün əvvəl Qaradağ rayonu Dəlyəniz palçıq vulkanının yaxınlığında Ekologiya Təbii Sərvətlər Nazirliyinin Azərbaycanda ilk dəfə yaradılması nəzərdə tutulan “geoparklar” proqramı çərçivəsində, palçıq vulkanlarında ekoturizm fəaliyyətləri ilə bağlı “Palçıq vulkanlarında ekosistem servisləri necə ola bilər?” sərgisi keçirildi. Sərgidə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, ekokönüllülər və media nümayəndələri iştirak edirdi. Tədbir “Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu” dövlət təbiət qoruğunun direktoru Ceyhun Paşayev tərəfindən təşkil edilmişdi.
Etiraf edək ki, Dəlyəniz vulkanına gedib çıxa bilmək üçün həyəcan və adrenalin dolu bir yoldan keçib, getmək lazım idi. Düzdür, əraziyə günəş panellərinə qədər asfalt yol salınıb. 10-15 km getdikdən sonra Dəlyənizə gəlib çata bilirsən. Ərazidə vulkanın ətəyində bayraqlar sancılıb. Digər tərəfdən sərginin qonaqlarının yemək yeməsi üçün yer süfrələri düzəldilmişdi. Kənarda böyük bir samovar qaynayırdı. Bir tərəfdə qutab, digər tərəfdə qonaqlar üçün kabab bişirilirdi.

Ərazidə sərgi iştirakçılarının vaxtını səmərəli keçirə bilməsi üçün müxtəlif oyunlar, tir, oxatma və s. quraşdırılmışdı. Etiraf edək ki, dağın ətəyində bu şəraitin yaradılması insana qeyri-real görünə bilər. Amma bu ərazidə tamam başqa bir abu-hava var idi.

Qeyd edək ki, yaxın zamanlarda “Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu” adı “geopark” adı ilə əvəz olunacaq.
Xatırladaq ki, 2007-ci ildə "Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu" yaradılıb. 43 palçıq vulkanına dövlət təbiət qoruğu statusu verilib. Baxmayaraq ki, palçıq vulkanları Azərbaycanda milyon illərdir mövcuddur. Ancaq son 12-13 ildə populyarlıq qazanıb. 12-13 il bundan əvvələ qədər əhalinin əksəriyyəti bilmirdi ki, ölkə ərazisində vulkan var. Məhz bu səbəbdəndir ki, bəzi vulkanların yanında yaşayış məntəqələri salınmışdı. Bu gün isə, nəinki Azərbaycanda, hətta Azərbaycandan kənarda yaşayan insanlar da Azərbaycanda palçıq vulkanlarının varlığından və onun sağlamlığa faydalarından xəbərdardır.
Maraqlı bir fikir var, nəyi çox qoruyursan, nəyi çox gizlədirsən insanlarda ona maraq yaranır. Vaxtı ilə Bakı və Abşerondan olan vulkanların ərazisi, sözün əsl mənasında zibilxanaya çevrilmişdi. Fermerlər bu ərazilərdən qışlaq kimi istifadə edirdi. Kiçik-kiçik evlər, tövlələr tikərək ərazini bərbad vəziyyətə salanlar var idi. Zamanla müvafiq qurumun fəaliyyətləri nəticəsində vulkan əraziləri təmizləndi. Bu gün vulkanlar yaşayış yeri deyil, zibilxana və yaxud heyvan saxlamaq üçün ərazi də deyil. Bu gün bu vulkanlar xaricdən Azərbaycana gələn turistlərin maraq dairəsindədir.
İradə Cəlil Bizimyol.info