"Türk Dövlətləri Təşkilatı zaman ötdükcə, Azərbaycan prezidenti cənab İlham Əliyevin və Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın dəstəyi ilə inkişaf etməkdədir. Ölkə başçısı andiçməsində qeyd etdi ki, “Bizim başqa ailəmiz yoxdur, bizim ailəmiz Türk dünyasıdır”. Bu da ona işarə edir ki, gələcək milli və dövlətçilik strategiyamızda gedəcəyimiz əsas yol Türk dünyası ilə daha sıx bağlıdır. Şuşada keçirilən zirvə görüşü təşkilatın fasiləsiz inkişafına da bir işarədir. Qeyd olunmalıdır ki, təşkilat özündə çox böyük əhali qrupunu dinamik iqtisadiyatı, yeraltı-yerüstü sərvəti, işgüzar insanları, xalqları və dövlətləri dini, irqi və s. birlikləri ilə bir-birinə bağlayır".
Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Vüqar İskəndərov danışıb. Deputat qeyd edib ki, bu dəfə Şuşada təşkil olunan zirvə görüşündə hökumət vacib qərarlar verdi və yekun “Qarabağ Bəyannaməsi” də özündə çox vacib nüanslar ehtiva edir.
Vüqar İskəndərov“Ümumi olaraq, TDT bir daha bütün dünyaya göstərdi ki, üzv olan xalqlar qardaş xalqlardır və bizim ortaq dəyərlərimiz, ortaq maraqlarımız var. Naxçıvandan başlayan bu birlik, Qarabağda özünü yeni inkişaf modelini formalaşdırdı və gələcək perspektiv planlarında daha da genişlənmək niyyətindədir. Zirvə görüşündə ümumi siyasətin formalaşdırılması və onu daha da inkişaf etdirmək məqsədləri qarşıya hədəf kimi qoyuldu.
Milli Məclisin deputatı Vüqar İskəndərov Macarıstan baş naziri Viktor Orbanın iştirakından da söz açıb. Deputat bildirib ki, Macarıstanın baş nazirinin TDT-də müşahidəçi qismində iştirakı normaldır.
“TDT-də Orbanın iştirakından sonra Avropa İttifaqı komissarının lüzumsuz bir açıqlamasında şahid olduq. Onun bu fikirləri heç bir məntiqə sığmır. Viktor Orban da sarkazmal və tutarlı şəkildə buna öz cavabını verdi. Əvvəla Macarıstan müstəqil dövlətdir və özünün milli maraqları var və milli maraqlarından çıxış edərək hansısa təşkilata üzv olmaq, hansısa təşkilatda müşahidəçi qismində olmaq öz daxili siyasətidir. Macarıstan bu seçimi özü edir. İkinci məsələ, Viktor Orbanın da dediyi kimi “biz harada tədbirdə oluruq, harda yemək yeyiriksə, bunun heç kəsə dəxli yoxdur”. Viktor Orban tədbirdə Avropa İttifaqının təmsilçisi kimi də çıxış etmirdi. Baş nazir müstəqil və inkişaf etmiş Avropa ölkəsi olan Macarıstanı təmsil edirdi və bundan sonra da təmsil edəcək”-deyən Vüqar İskəndərov hesab edir ki, Borellin timsalında Fransada olan deputatların və digərlərinin fikirlərinə baxsaq, bu davranışlar yalnız Türkiyəfobiya və Azərbaycanfobiya məsələsidir.
“İkinci məsələ sammitin adında Qarabağ sözünün olması, Şuşa sözünün olması erməni sevdalılarını bərk narahat edir. Bu narahatlıq da özünü açıq aydın göstərdi və tutarlı da cavabını aldı”-deyə deputat əlavə edib.
Vüqar İskəndərov hesab edir ki, zirvə görüşü çox tarixi qərarlarla yadda qalacaq və orada Kipr Türk Cümhuriyyətinin prezidenti Ersin Tatarın iştirak etməsi, Macarıstanın baş naziri Orbanın iştirak etməsi və avropalıların da bunu bəhanə tapmayaraq Kipr Türk Cümhuriyyətini adını qeyd edərək, siyasi şərh vermək cəhdləri yalnız siyasi avantüradır.
“Suveren bir dövlət olmaq istəyən və bunun üçün illərlə çalışan vuruşan bir dövlətə qarşı belə qərəzli münasibət və ikili standartlarla yanaşma yolverilməzdir. Çox təəssüf ki, bu gün müasir Avropada bu davranış artıq adi hala çevrilib. Türkiyəfobiya siyasəti, zaman ötdükcə daha da kəskin hal alır. Bu da yalnız təəssüf doğurur”-deyə deputat əlavə edib.
P.S. Görünən odur ki, Türk birliyi xristian dünyasını təşvişə salıb. Əks halda, Şuşada Türk Dövlətləri Təşkilatının sammitinin keçirilməsindən sonra absurd açıqlamalarla qarşılaşmazdıq. Birliyimiz əbədi olsun!
İradə Cəlil, Bizimyol.info






