Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"İşğaldan azad olunmuş bölgələrdə həm yaşayış, həm də məşğulluq sistemi yenidən qurulur" - Video
"İşğaldan azad olunmuş bölgələrdə həm yaşayış, həm də məşğulluq sistemi yenidən qurulur" - Video

Füzuliyə təşkil olunmuş media tur çərçivəsində jurnalistlər üçün Özbəkistan Prezidentinin özbək xalqı adından Qarabağa hədiyyə olaraq inşa etdirdiyi Füzuli rayonu Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə brifinq keçilib. Brifinqdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Ümid İsazadə jurnalistlərə hazırda davam edən və yaxın gələcək üçün planlaşdırılan işlərdən danışarkən qeyd edib ki, görülən işlər cənab prezidentin tapşırığına uyğun olaraq, onun sərəncamı ilə qüvvəyə minmiş “Böyük Qayıdış” Dövlət proqramına uyğun olaraq aparılır.

Ümid İsazadənin sözlərinə görə, Füzulidə aparılan ən mühim işlərdən biri minatəmizləmə işləridir. Burada mina ilə çirklənmiş ərazilərin olduğunu qeyd edən İsazadə vurğulayıb ki, mina təmizləmə əməliyyatları aparıldıqdan sonra ərazidə baza infrastrukturun qurulması işləri aparılır. Bura Füzuli-Hadrut, Füzuli-Ağdam yolu və əlavə olaraq, şəhərdaxili yol kommunikasiya şəbəkələri daxildir. Eyni zamanda şəhər qaz və elektrik enerjisi ilə də tam təmin olunub. Bütün bunlarla yanaşı, digər sosial lahiyələrin icrasına da başlanılıb. Artıq 822 ailə işğaldan azad olunmuş Füzuli şəhərinə geri qayıdıb.

Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Ümid İsazadə / Foto: İradə Cəlil, Bizimyol.info Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Ümid İsazadə / Foto: İradə Cəlil, Bizimyol.info

“Onlar artıq öz dədə-baba yurdlarında çox sevinclə, çox xoşbəxt yaşayırlar. Siz bunu sosial şəbəkələrdə qarşınıza çıxan bəzi videolardan da görə bilərsiniz. Əhali burada yüksək keyfiyyətlə mənzillərlə təmin olunub”-deyən Ümid İsazadə vurğulayıb ki, daha sonra məşğulluqla bağlı addımlar atılıb.

“Biz köçən əhalinin əmək qabiliyyətinin çox detallı təhlil edirik. Əmək fəaliyyətinə cəlb olunmuş əhalini həm dövlət qurumlarında işləyən həm özəl qurumlarında işləyən görə bilərik. Eyni zamanda onlar sahibkarlıq fəaliyyətinə də cəlb olunurlar. Belə ki, artıq 1300 metr²-dən çox qeyri-yaşayış sahəsi sırf Füzuli sakinlərinə verilib”-deyə xüsusi nümayəndəliyin əməkdaşı bildirib.

Ümid İsazadə qeyd edib ki, hazırda 110 sakinin müraciətinə baxılır. Belə ki, yaxın zamanlarda onların da qeyri-yaşayış sahələri ilə təmin olunması planlaşdırılır.

“Ümumiyyətlə, bizə gələn müraciətləri təhlil edərkən daha çox nəzərə alırıq ki, bu müraciətlər dayanıqlı və əhalinin məşğulluğuna töhfə verə bilsin. Söhbət burada biznes subyektləri üzrə müraciətlərdən gedir. Müraciətlər işğaldan azad olunmuş ərazinin və ölkənin digər yerlərindəki iqtisadiyyatın da reinteqrasiyasına dəstək olmalıdır”-deyən İsazadə bildirib ki, Füzuli şəhərinin baş planına uyğun olaraq, ərazidə sənaye zonası da var. Hazırda bu sənaye zonasına yol və kommunikasiya xətlərinin çəkilişləri davam etdirilir. Sənaye zonasının özü də lahiyələndirmə prosesindədir. Bu proseslər bitdikdən sonra zona hazır vəziyyətə gətiriləcək. Sahibkarların orada investisiya edib həm öz işlərini qurması, həm də ərazidə məşğulluq potensialını daha da artıra bilməsi üçün şərait yaradılacaq.

Ümid İsazadə qeyd edib ki, ərazidə peşə liseyinin və 240 yerli bağçanın tikintisi, 180 yerli xəstəxananın lahiyələndirməsi və onun da yaxın vaxtlarda tikintisi nəzərdə tutulub.

“Hazırda tikilmiş 38 binanın yanında park yerləşir. İnsanların öz asudə vaxtlarını keçirəcəyi böyük bir mərkəzi park da tikiləcək”-deyə Ümid İsazadə bildirib. Səlahiyyətli nümayəndənin sözlərinə görə, tikilmiş birinci yaşayış məhəlləsindən əlavə olaraq, 2 və 3-cü yaşayış məhəllələrin də lahiyələndirilməsi davam etdirilir. Onların da yaxın zamanlarda tikilməsi və birinci dövlət proqramı tərkibində bitirilməsi və “Böyük Qayıdış”ın təmin olunması planlaşdırılır. Eyni zamanda artıq 6 kəndin təməli qoyulub, Dövlətyarlı kəndində torpaq işləri bitib. Həmin ərazidə ilkin mərhələdə 450 evin tikintisi nəzərdə tutulub. Dövlətyarlı kəndi də “ağıllı kənd” olacaq. Bununla yanaşı Pirəhmədli və Dədəli kəndlərində yaxın zamanlarda tikinti işlərinə başlanılacaq.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »