Dünən gecə “Apple App Store” sıradan çıxıb və istifadəçilər saatlarla tətbiqə daxil ola bilməyiblər.
Bizimyol.info "webtekno"ya istinadən xəbər verir ki, digər “Apple” xidmətləri də bu vəziyyətdən təsirlənib.
Aprelin 3-dən 4-nə keçən gecə saat 02.00-04.00 arasında “Apple App Store” və ya “Apple” xidmətlərindən istifadə etməyə çalışan istifadəçilər əlaqə problemi ilə üzləşib. Qlobal miqyasda təsir göstərən əlaqə problemlərinin indi həll edildiyi görünür.
“Apple” istifadəçiləri proqram tətbiqinə daxil olmaq istədikdə: "Xəta baş verdi. Yenidən cəhd edin", xəbərdarlığı ilə qarşılaşıblar. “WhatsApp” və “Instagram”ın yaşadığı problemlərdən dərhal sonra “Apple” platformasında belə bir vəziyyətin yaranması insanları bir az da qorxudub.
Digər Apple xidmətləri də təsirləndi
Digər Apple proqramları da kəsintidən təsirləndi. Bu proqramlara "Apple Podcasts", "Apple Music", "Apple TV", "Apple Sports", "Apple Arcade" və "Apple Fitness+" daxildir. Həmçinin bildirilib ki, kəsilmə "iOS", "macOS" və "tvOS"dan istifadə edən bütün platformalara da təsir edib.
Tətbiq platforması bir müddət sistem statusu səhifəsində qapalı olaraq göstərilsə də: "İstifadəçilər bu xidmətlə bağlı problemlər yaşayırlar. Biz vəziyyəti araşdırırıq və əlavə məlumat əldə etdikdə yenilənəcəyik", - deyə ifadələrdən istifadə edilib.
Bir neçə saatdan sonra “Apple” problemi həll edə bilib.
Cupertinodan olan texnologiya nəhəngi bu ilin əvvəlində oxşar problemlə üzləşmişdi. "App Store Connect" və "Apple Music" də həmin kəsintidən təsirlənib. “Apple” hələ ki, son kəsilmənin səbəbləri ilə bağlı açıqlama verməyib.
Qadir Bizimyol.info






