Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Pakistanda 1979-cu ildə edam edilən baş nazirin ədalətli mühakimə olunmadığı bildirilib
Pakistanda 1979-cu ildə edam edilən baş nazirin ədalətli mühakimə olunmadığı bildirilib

Pakistan Konstitusiya Məhkəməsi ölkənin ilk demokratik yolla seçilmiş baş naziri və 1979-cu ildə çevrilişdən sonra asılan Zülfiqar Əli Bhuttonun ədalətli mühakimə olunmadığı qənaətində olduğunu bildirib.

Bizimyol.info "AA"ya istinadən xəbər verir ki, Pakistan Konstitusiya Məhkəməsinin sədri Kazi Faiz İsanın başçılıq etdiyi 9 nəfərlik nümayəndə heyəti Bhuttoya verilən edam cəzasına yenidən baxılması üçün rəy tələbi ilə bağlı açıqlama verib.

Heyət yekdilliklə bildirib ki, Bhuttonun məhkum edilməsi "ədalətli məhkəmə araşdırması və lazımi proses" tələblərinə cavab vermir. Təfərrüatlı qərarın daha sonra açıqlanacağını bildirən nümayəndə heyəti, “keçmiş səhvləri” düzəltmək üçün öz fikrini ifadə etdiyini vurğulayaraq, o zaman Lahor Ali Məhkəməsinin verdiyi qərarın ləğv olunmayacağına diqqət çəkib.

Nümayəndə heyəti qeyd edib ki, Konstitusiya və qanunlar “Bhuttonun mühakimə olunduğu və cəzalandırıldığı qərarın ləğvi mexanizmini təmin etmir”.

Məhkəmə rəyini açıqlayan zaman zalda olan Bhuttonun nəvəsi və Pakistan Xalq Partiyasının (PXP) lideri Bilaval Bhutto Zərdari jurnalistlərə açıqlamasında Konstitusiya Məhkəməsinin hökmünü "tarixi qərar" adlandırıb. Zərdari: "Bu tarixi qərara görə hakimlərə təşəkkür edirəm. Təfərrüatlı qərar açıqlandıqdan sonra daha ətraflı danışacağam", - deyə bildirib.

Pakistanın demokratik yolla seçilmiş ilk baş naziri və 1967-ci ildə PXP-ni quran Zülfikar Əli Bhutto 1977-ci ildə general Ziyaul Haq tərəfindən çevriliş nəticəsində devrilib və 1979-cu ildə asılıb. Ölkənin keçmiş prezidenti və PXP-nin keçmiş həmsədri Asif Əli Zərdari 2011-ci ilin iyununda Bhuttoya verilən ölüm hökmünə yenidən baxılması üçün Konstitusiya Məhkəməsindən “rəy” istəyib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »