Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avtomobillərə dəyən zərəri ödəməməyin göstəricisi: Sığorta şirkətlərinin 600 milyon manatdan çox qazancı...
Avtomobillərə dəyən zərəri ödəməməyin göstəricisi: Sığorta şirkətlərinin 600 milyon manatdan çox qazancı...

Sürücüləri qəza zamanı ən çox düşündürən məsələ avtomobilin sonrakı taleyi ilə yanaşı, həm də sığorta məbləği olur. Heç kimə sirr deyil ki, sığorta şirkətlərindən dəymiş zərərə adekvat pul almaq az qala mümkünsüzdür. Adətən, sürücüyə xeyli aşağı məbləğ təklif olunur. Sürücü razılaşmayanda “get, məhkəməyə ver” ifadəsini eşidir. Yəni məsələ qəlizləşir. Sürücü xeyli müddət avtomobilsiz qalır, vaxtı və əsəbləri gedir. Halbuki, ədalətli yanaşma həm də gərginliyi azalda bilər.

Bizimyol.info xəbər verir ki, sığorta şirkətləri 2023-cü ilin 11 ayı ərzində təxminən 1 milyard 108 milyon toplayıb. Məbləğin yalnız 497 milyon manatı xərclənib. Yəni 600 milyon manatdan çox qazanc olub. Keçən illə müqayisə edəndə aşkar fərq hiss olunur. 2022-ci ilin analoji dövründə yığımlarda 300 milyon manat artım var. Yetərincə böyük mənfəətdən söhbət gedir. Sığorta şirkətlərinin qazancı həm də özünəməxsus rekordun qeydə alınması ilə nəticələnib. Heç vaxt bu qədər yığım və mənfəət müşahidə edilməmişdi.

Sığorta şirkətləri bütün fəaliyyəti ərzində iqtisadi riskləri minimuma endirməyə çalışır. Məsələn, taksi fəaliyyətinə xidmət göstərən avtomobillərin sığortalanması süni yolla mürəkkəbləşdirilir. Həmin maşınlar min bəhanə ilə yaxına buraxılmır. Yeganə məqsəd odur ki, sürücülərə bədbəxt hadisə zamanı pul ödənməsin. Məsələ təkcə avtomobil sığortasında deyil. Şirkətlər başqa müstəvilərdə də belə davranır.

Bir neçə il əvvəl “Fiziki şəxslərə təqdim edilən müəyyən könüllü sığorta növləri üzrə vahid sığorta qaydaları haqqında” qanuna mümkün dəyişikliklərin müzakirəsində sığorta şirkətləri maraqlı tərəf kimi görünürdü. Hesab olunurdu ki, iqtisadi risk yüksəkdir, xüsusilə paytaxtda, Abşeron yarımadasında sığorta hadisələrinin sayı və ya baş vermə ehtimalı çoxdur. Zamanla başqa strategiyadan istifadə olundu. Xüsusilə, sürücülərin avtomobil nəqliyyatı vasitələrinin tam sığortası ilə bağlı qaydaları yaxşı bilməməsi şirkətlərə rahat davranmaq imkanı yaratdı. Nəticədə uduzan tərəf avtomobil sahibləri, qazanan da sığorta şirkətləri oldu.

Necə ola bilərdi? Müştərək sığorta modelindən istifadəyə keçmək olardı. Yəni şəffaf iş aparılır. Sürücülərdən yığılan məbləğlər hesabına fond yaradılır. Sığorta şirkətlərinin payı əvvəlcədən müəyyənləşir. Məsələn, bilinir ki, 8-10 faiz şirkətlərə çatacaq. Qalan pullar isə zərərlərin ödənilməsinə yönəlir. Amma son statistika da göstərir ki, bu ideya sığorta şirkətlərinin ürəyincə ola bilməz. Yığımların 55 faizə qədəri şirkətlərin mənfəətinə çevrilir. Sürücülər, ümumiyyətlə, başqa sığorta istiqamətlərində maraqlı tərəf olan vətəndaşlar zərərlə üz-üzə qalır, haqqı olan pulu almaq üçün qapılarda sürünür. Sığorta şirkətləri məhz vətəndaşların əziyyəti hesabına böyük qazanc əldə edə bilib.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »