Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qarabağı Azərbaycanın tərkibinə seçmək
Qarabağı Azərbaycanın tərkibinə seçmək

"Avropa təhlükədədir. Əgər biz Rusiya Prezidenti Vladimir Putinin Ukraynada qalib gəlməsinə imkan versək, Qəzzada faciənin davam etməsinə icazə versək, Avropa layihəsi bərpası mümkün olmayacaq şəkildə zədələnə bilər. Bunun qarşısını almaq üçün qollarımızı çırmalayaq”.

Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrell Avropanın təhlükədə olmasından narahatlığını öz "X" hesabında belə ifadə edib. Bu sözlər, doğrudan da, Avropanın təhlükədə olduğunu göstərir. Təkcə Rusiyanın Ukraynada qalib gəlmə ehtimalına görə yox, həm də Avropa İttifaqı ilə ABŞ arasında bir sıra qlobal məsələlərə dair fikir ayrılıqlarına görə. O cümlədən, elə Rusiyaya münasibətdə də.

Avropa İttifaqı deyir ki, İsrail-HƏMAS müharibəsi dayandırılsın, ABŞ deyir: “Yox!”.

BMT-dəki səsvermədə Avropa dövlətləri Qəzzada atəşin dayandırılmasına dair qətnamənin ya lehinə səs verirlər, ya da ən pis halda neytral qalır. ABŞ ətrafındakı 9 ölkə ilə 153 “hə” səsinə qarşı azlıqda qalır. Yenə deyir: “Yox!” BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən ikisi (Böyük Britaniya və Fransa) ABŞ-ın ən yaxın müttəfiqləridir. Böyük Britaniya ilə ABŞ, ümumiyyətlə, Azərbaycanla Türkiyə kimi təbii müttəfiqlər, belə demək olarsa, qardaş ölkələrdir. Ancaq Qəzza qətnaməsinə ABŞ təklikdə veto qoymağa məcburdur.

Avropa deyir ki, Rusiyanı dayandırmaq lazımdır; Ukraynaya qalib gəlsə, Avropa İttifaqının sərhədlərinə dirənib Qoca Qitənin boğazına çökəcək. ABŞ deyir ki, yox, Ukrayna dayanıb Rusiya ilə danışığa getməlidir. Başqa sözlə, Dneprin şərq sahilini ruslara, qərb sahilini Amerikalılara təslim etməlidir. Və bu fikir ayrılıqlarından ruhlanan prezident Putin: “Biz Ukraynada məqsədlərimizə çatana qədər xüsusi hərbi əməliyyat davam edəcək” deyir. Bundan ruhlanan Çin də Rusiya ilə işbirliyini daha da sıxlaşdırır; əgər müharibənin əvvəlində və ortalarında – ABŞ və Avropa İttifaqı, NATO ölkələri Ukraynaya aktiv dəstək verəndə Çin Rusiya ilə məsafəli davranır, hətta atəşkəs təşəbbüsündə bulunurdusa, indi heç bu barədə eyham da vurmur.

Avropa İttifaqının rəhbərləri Çinə səfər edib, münasibətləri aktivləşdirməyə çalışırlar, ABŞ deyir: “Yox, Pekinlə arxamdan iş çevirməyin”.

Və sair və ilaxr.

Sual oluna bilər ki, bundan Azərbaycana nə var?! Məsələ də elə ondadır ki, çox şey var. Qlobal güc mərkəzləri öz geopolitik davalarının episentrini artıq Qafqaza və Mərkəzi Asiyaya daşıyırlar. ABŞ-Rusiya qarşıdurmasının, ABŞ-Çin ixtilafının, bir də hələ üstəlik ABŞ-Aİ ziddiyyətlərinin tam ortasına çəkilirik. Azərbaycan öz xarici siyasətində daha diqqətli, çevik, ancaq ardıcıl olmalıdır. Ona görə də Azərbaycan bu mürəkkəb dövrdə və bu çətin coğrafiyada öz daxili müvazinətini saxlamaq üçün bütün qlobal və regional güc mərkəzlərindən mümkün qədər təhlükəsiz məsafədə dayanmağa çalışır. Bu zaman ölkənin içərisində də siyasi institutları möhkəmləndirmək birinci şərtdir. Həmin məqsədə çatmaq üçün vətəndaşlar qarşıdan gələn növbədənkənar prezident seçkilərində yüksək seçici fəallığı göstərsə, ölkəni daxildən və xaricdən (daha doğrusu, xarici qüvvələr tərəfindən daxildəkilərin əli ilə) sarsıtmaq mümkün olmayacaq.

İnsanlar düşünə bilər ki, onsuz da keçərli namizəd olaraq İlham Əliyevin üstünlüyü  bəllidir, fevralın 7-də qələbəsi şəksizdir və sair. Bu məntiqlə: “Mən seçki məntəqəsinə getsəm də, getməsəm də, heç nə dəyişməyəcək” deyə düşünənlər olacaq. Biz belə bir gerçəyi qəbul edək: bu seçki bir nəfərin vəzifəyə seçilməsi, yaxud bir siyasi qüvvənin hakimiyyətdə qalıb-qalmamasını təmin etmək üçün deyil. Bu, yeni tarixi dönəmdə ölkənin gələcək taleyini seçməkdir. Qarabağı Azərbaycanın tərkibinə seçməkdir.

Ordumuz Qarabağı hərbi yolla azad edib millətə yenidən qazandırdı. Dövlət praktik-hüquqi olaraq suverenliyi təsbit və tətbiq etdi. Bir də Qarabağı siyasi olaraq ölkəyə tam bağlamaq var. Bunun yolu isə seçkidən keçir. O səbəbdən, seçkiyə gələn hər seçici kimə səs verməsindən asılı olmayaraq dövlətin Qarabağ siyasətinə və Qarabağın Azərbaycana siyasi məxsusluğuna səs vermiş olacaq. Bu qədər sadə və aydın!

Seyid Əhmədli, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »